Bəşəriyyətin ən kamil insanı həzrət Mühəmmədin (s) həyatı bilavasitə İslam tarixi ilə əlaqədar olduğundan, təbii ki, onun həyatı tarixi baxımdan diqqətdən kənar qala bilməz. Qurani-Kərimdə Allah-taala Həzrət Mühəmmədi (s) insanlara gözəl bir
örnək kimi təqdim edərək buyurur: “Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir.” (Əhzab surəsi, ayə-23) Quranın bu ayəsi Peyğəmbərin(s) həyatını öyrənməyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. İslam dini Allahın göndərdiyi dinlər arasında sonuncusu və ən mükəmməli olduğu üçün bu dinin banisinin həyatı da digər peyğəmbərlərin həyatı ilə müqayisədə daha geniş şəkildə tədqiq edilmişdir. Təsadüfi deyil ki, orta əsr müsəlman tarixçiləri o həzrətin həyatındakı bütün xırdalıqları da qələmə almış və onu nəsildən-nəsilə çatdırmışlar. Bununla əlaqədar olaraq Peyğəmbərin (s) həyatını özündə əks etdirən onlarla kitab yazılmış, hətta onların bəzisi bir çox qərb dillərinə də tərcümə edilmişdir. Belə əsərlər arasında Ayətullah Cəfər Sübhaninin “Əbədiyyət nuru” əsəri özünəməxsus yer tutur. İslam peyğəmbərinin həyatının mükəmməl şəkildə araşdırıldığı bu kitabda müəllif həm də bir sıra avropalı şərqşünasların əsassız
iddialarına tutarlı cavablar vermişdir. Ayətullah Cəfər Sübhani əsərdə İslam dininin meydana gəlməsi, İslamı qəbul etmiş ilk şəxs, Quranın ecazı, Ğəraniq əfsanəsi, hicrət, müsəlmanlarla kafirlər arasında baş vermiş döyüşlər, qiblənin dəyişdirilməsi kimi olduqca maraqlı mövzulara toxunmuşdur. Diqqəti daha çox
cəlb edən məqam isə müəllifin dilinin çox səlis olması, mövzuları sadə dildə oxucuya çatdırmasıdır.
Əsəri doğma dilimizə tərcümə etmiş Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi Mais Ağaverdiyev də kitabın oxunaqlı olması üçün bütün qüvvəsini səfərbər etmiş, əlindən gələni əsirgəməmişdir. Sonda kitabın nəşr edilib geniş oxucu kütləsinə təqdim edilməsini məsləhət görür və ümid edirəm ki, “Əbədiyyət nuru” kitabı qısa müddət ərzində bi çoxlarının stolüstü kitabına çevriləcəkdir.