Hələ dünyaya gəlməmişdən öncə haqqında xəbər verildiyi, bir peyğəmbərin onun adı ilə etdiyi tövbəsinin qəbul olunduğu, bütün əsrlərin lideri – həzrəti Məhəmməd! Böyük mütəfəkkirlərin də dediyi kimi, baxmayaraq ki, O, əsrlər öncə dünyaya gəlmişdir, bu gün də insanları öz arxasınca aparır.Onu görmədən ona iman edir və onu sevirlər. O, bütün zamanların ən sevilən siması, qəlbində zərrə qədər iman olan, bir qədər düşünən üçün xilaskardır. Həzrəti Məhəmməd (s.a.v.) 571-ci ildə (bəzi mənbələrdə 569,570, 572-ci illərdə qeyd olunmuşdur) Məkkə şəhərində dünyaya gəlmişdir. Daha çox Əhməd, Məhəmməd, Əbül Qasım, Mustafa kimi isimləri ilə tanınmaqdadır. Dünyaya gəlmədən bir neçə ay öncə atası Abdullah, 6 yaşında olarkən anası Əminəxanım vəfat etmişdir. Bundan sonra onu 8 yaşına qədər babası Əbdül Mütəllib, daha sonra o da vəfat edincə əmisi Əbu Talib böyütmüşdür. 25 yaşında olarkən Xədicə (Xədicət-ül Kübra) xanım ilə ailə qurmuşdur. Bu xanımdan dünyaya gələn ilk oğlunun adı Qasım olduğu üçün peyğəmbərin (s.a.v.) adlarından biri də Əbul Qasım idi (yəni Qasımın babası. Ərəblərdə belə künyə ilə adlandırılmaq adəti olmuşdur). Bu nigahdan 2 oğlan (Qasım, Abdullah (Teyyub)) və 4 qızı (Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm, Fatimə) dünyaya gəlmiş, Fatimə xanımdan başqa digərləri peyğəmbər (s.a.v) həyatda ikən vəfat etmişdirlər. Mariya xanımla olan nigahından İbrahim adlı oğlu dünyaya gəlmişdir. O da çox erkən dövrdə rəhmətə getmişdir. Lakin digər nigahlarından övladı olmamışdır. Peyğəmbərin (s.a.v.) soyu qızı Fatimə (s.ə) ilə əmisi (Əbu Talib) oğlu Əlinin (ə) izdivacından dünyaya gələn hz. Həsən (ə) və hz. Hüseyn (ə) ilə davam etmişdir. Hz Fatimə (ə) isə peyğəmbərin (s.a.v.) vəfatından 6 ay sonra dünyasını dəyişmişdir. 40 yaşında olarkən bütün bəşəriyyətə peyğəmbər göndərildiyi bildirilmişdir. Öncə gizli, 3 il sonra isə aşkar olaraq dini təbliğ etmək ilə əmr olunmuşdur. 621-ci ildə 52 yaşında Merac hadisəsi baş vermiş, 622-ci ildə 53 yaşında müşriklərin təzyiqi nəticəsində Məkkədən Mədinəyə hicrət etmişdir. 632-ci ildə 63 yaşında Mədinədə vəfat etmişdir.