Bosniya Fədaisi

Mehdi zəng vurub atası barədə xatirələri qələmə almağımı xahiş edəndə rədd etməyə ürəyim gəlmədi. Yeni bir işə başlamaq haqda da fikirləşmirdim. “Rəvayəti-fəth” (Zəfər dastanı) sənədli filmlərinin müəllifi və rejissoru ağa Mahmudinin studiyalarının birində görüş təyin etdik, ondan əlyazma, foto və xatirələrinin diskini aldım. Ağa Mahmudi bu mövzunu işləməyə tərəddüd etdiyimi, daha doğrusu, həvəssiz olduğumu anlayıb, “işi qəbul edin, ziyan görməzsiniz” – dedi, amma israr da etmədi. Mehdi diski verəndən sonra bir qədər oturub getdi. Sonra ağa Mahmudi mənə Rəsulla tanışlığı barədə danışdı. – Biz film hazırlamaq üçün Bosniyaya getmişdik. İranlı olduğumuzu bilən hər kəs Məcid Müntəzirini tanıyıb- tanımadığımızı soruşurdu. Bir-iki nəfər olsaydı, bunu təsadüf saymaq olardı, amma bu sualı çox təkrar edirdilər; adi adamlardan tutmuş hərbçilərə, məmurlara qədər hamı. Mən xəcalət çəkdim və o xalqın illər sonra da xatırladığı kişinin kim olduğunu öyrənməyə başladım. Bu da nəhayət, öz işini gördü: planımızı dəyişib Məcid Müntəziri, yəni sizin Rəsul Heydəri haqda sorğu-suala başladıq; özü də İrandan minlərlə kilometr aralıda, Avropanın göbəyində yerləşən sakit və alicənab insanlar arasında. O, Bosniyanın tarixi və müharibəsi haqda mənə məlumat verdi. Sonra birlikdə onların montaj etdikləri filmlərə tamaşa etdik. O danışır, mən də dinləyirdim. Filmdə Rəsulun ilk məktubunu eşitdiyim andan hamısına baxmaq istəyirdim. Getdikcə marağım artırdı, tez evə gedib digər məktubları da oxumaq istəyirdim. Mehdiyə zəng vurub istədiyi kitabı yazacağımı söyləyəndə çox çalışdım ki, həyəcanımı büruzə verməyim. Mehriban məktublar arasındakı bir kişini kəşf etmək həvəsimi gizlətməyə nə qədər müvəffəq olduğumu isə bilmirəm. Ömrünün çoxunu xaricdə keçirmiş bir insan haqda yazmağı çoxları qeyri-mümkün hesab edirdilər. Belə nəzərə çarpırdı ki, onun barəsində az eşitmək, az danışmaq olar. Lakin mən öz marağımla başladım və Mehdiyə dedim: “Başlayıram, amma çapı barədə indidən söz vermək olmaz”.

Bu Kitabı Paylaş
Şərh edilməmiş