Fitnə Şəraitində Vəzifələr

Mənim ikinci müraciətim siyasi adamlara, namizədlərə, partiya və cinah rəhbərlərinədir. Mən bu ağalara demək istəyirəm ki, bu gün ölkə üçün həssas və tarixi bir gündür. Dünyanın vəziyyətinə baxın. Orta Şərqin vəziyyətinə baxın. Dünyanın iqtisadi vəziyyətinə baxın. Bizim İraq, Əfqanıstan və Pakistan kimi qonşu ölkələrimizin vəziyyətinə baxın. Biz tarixin həssas bir nöqtəsində yerləşmişik. Bizim hamımızın vəzifəmiz budur ki, bu tarixi mərhələdə sayıq, diqqətli və ehtiyatlı olub səhvə yol verməyək. Bu seçki məsələsində xalq həqiqətən öz vəzifəsinə əməl etdi. Vəzifələri seçkilərdə iştirak etmək idi və bunu ən gözəl şəkildə yerinə yetirdilər. Bizim və sizin vəzifələrimiz isə daha ağırdır. Xalqın düşüncəsində hər növ aparıcılığı olan şəxslər – bəziləri bizdən söz eşidən siyasətçilər, partiya liderləri və siyasi cərəyanların rejissorları öz rəftarlarına və sözlərinə çox diqqət yetirməlidirlər. Əgər onlar bir az ifrata varsalar, bu ifratçılığın əhatəsi xalq arasında çox həssas və təhlükəli hadisələrə səbəb olacaq, sonra isə bəlkə özləri də bunu idarə edə bilməyəcəklər. Biz nümunələrini görmüşük. Cəmiyyətdə ifratçılıq yarandıqda hər bir ifratçı hərəkət digərlərinin ifratçılığına səbəb olur. Əgər siyasi elitanın nümayəndələri qanunu ayaq altına qoysalar, yaxud qaş düzəldən yerdə vurub göz çıxarsalar, o zaman istəsələr də, istəməsələr də tökülən qanlar, kobudluqlar və hərc-mərcliklər üçün məsuliyyət daşıyacaqlar. Mən bu cənabların, bu qədim dost və qardaşların hamısına tövsiyə edirəm ki, özünüzə hakim olun, təmkinli olun, düşmənin əllərini, bu gün yavaş-yavaş diplomatiya niqabını da üzlərindən götürüb həqiqi simasını göstərən və pusquda dayanmış ac canavarları görün. Bunları yaddan çıxarmayın.

Etiketlər:
Bu Kitabı Paylaş
Şərh edilməmiş