İmam Əlinin (ə) Həyatı

“Peyğəmbərlərin tarixi” kitabının üçüncü cildində İslam peyğəmbərinin həyatından bəhs edərkən qeyd etdik ki, onun nəsli ərəb qəbilələri arasında ən nəcib və ən şərafətli nəsil olmuşdur. Məlum olduğu kimi İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) əmisi oğlu idi və bu baxımdan o da Peyğəmbərlə (s) eyni nəslə mənsub olmuşdur. Atası Əbutalib Peyğəmbərin (s) əmisi olmaqla yanaşı öz dövründə Bəni-Haşimin başçısı, Peyğəmbərin (s) himayədarı olmaq şərəfinə nail olmuşdur. Mötəbər hədislərə əsasən Əbdülmüttəlibdən sonra məhz o, Peyğəmbəri (s) öz himayəsinə götürmüşdür. Hədislərin birində İmam Əlinin (ə) belə buyurduğu qeyd edilir: “Allaha and olsun ki, atam, əcdadım Əbdülmüttəlib, Haşim və Əbdmənaf heç vaxt bütə sitayiş etməmişlər.” Ondan “Bəs onlar nəyə sitayiş ediblər?” – deyə soruşduqda belə cavab vermişdir: “Onlar Kəbəyə doğru namaz qılmış və İbrahim (ə) peyğəmbərin dininə pərəstiş etmişlər.” Şeyx Mufid, Şeyx Tusi, Şeyx Təbərsi və digər böyük şiə alimlərinin dediyinə görə Əbutalibin Həzrət Peyğəmbərə (s) iman gətirməsi danılmaz bir faktdır və inkar edilə bilməz. Çünki bu barədə Əbutalibin öz dilindən söylənilmiş bir çox şeirləri ilə yanaşı,onun fədakarlıqla Peyğəmbəri (s) müdafiə etməsi buna sübutdur. Belə ki, Həzrət Peyğəmbərin (s) və müsəlmanların Məkkə müşrikləri tərəfindən hərcəhətli blokadaya salındığı dövrlərdə Əbutalib Qüreyş müşriklərinin qəzəbinə tuş gəlmiş, onunla əlaqələrini kəsmişdilər. Lakin o, bütün bu çətinliklərə mətanətləsinə gərmiş, yolundan dönməmişdir. Blokada qaldırıldıqdan sonra onunla Qüreyş arasında münasibət yenidən düzəlməyə başlamışdır. Əbutalib bir neçə dəfə Peyğəmbərə görə hətta öz canını da təhlükəyə atmış, Qüreyş müşriklərinə qarşı qılınca əl atmaq məcburiyyətində qalmışdır.

Bu Kitabı Paylaş
Şərh edilməmiş