İmam Mehdi (ə.f) Cahanşümul Hakimiyyət

Şübhəsiz, ilk baxışda keşməkeşli bu həyat dünyanın “faciə”yə doğru irəlilədiyini göstərir, rəhmsizlik, varlı və yoxsul təbəqələr arasında kəskin fasilə, böyük-kiçik dövlətlərarası qarşıdurma və ixtilaflar, artan cinayətlər, əxlaqi, ruhi və psixoloji sarsıntılar, maşınlı həyatın pis nəticələri və s. onu günbəgün daha da artırır. Mövcud vəziyyətin yaxın keçmişlə müqayisəsi bu həqiqətə tam aydınlıq gətirir, nikbin insanlarda gələcəyə bədbinliyi artırır. Beynəlxalq statistikalara əsasən, yer kürəsinin bütün abadlıqlarını (bir dəfə yox, yeddi dəfə) məhv etmək üçün yalnız bir neçə dövlətin ixtiyarında olan hazırkı atom bombaları kifayətdir. İnsanın ağlına sığmayan böyük xərclərin sayəsində hasil olan bu silahlar oyun- oyuncaq deyil və bu qədər coğrafi sərhəd və maraqların qarşıdurması ilə üzləşən çağdaş dünyamızda hər an dəhşətli atom müharibəsinə zəmin yaratmağa qadirdir. Bir çox dövlətlərdə müşahidə olunan hədsiz qüdrət və hegemonluq hissi artıq ağlagəlməz müharibələri vücuda gətirir. Buna əsasən, yaxın gələcəkdə dünyanın “böyük faciə” ilə üzləşəcəyi, yaxud böyük atom müharibəsi,
yaxud dünya mülkədarlarının yaratdıqları inhisardan doğan yoxsulluq və yaxud enerji mənbələrinin tükənməsi nəticəsində bəşəriyyətin həyatına son qoyulacağını demək olar. Lakin bu qədər bədbinliyə aydın üfüq bəxş edən nikbin bir görüş və həqiqət də vardır: Bu qədər qaranlığın və tükürpərdici vəhşətin sonu var! Bu zülmətdən sonra aydın səhər var! Bu qədər cəhalət, nadanlıq, zorakılıq, zülmkarlıq və fitnə-fəsaddan sonra çiçəkli ədalət baharı var! Nəhayət, bu öldürücü qəm-qüssə sona yetəcək, üfüqlərdə nicat sahilləri aydın görünəcəkdir! İnsan özünü tanıdığı gündən daxili stimullarından ilham almaqla daim inkişafdadır. O, bir zaman mağaralarda yaşayırdısa, bu gün bir qəsəbənin əhalisinə göydələnlərdə yer verir! Bir zaman özünü ağac yarpaqları ilə örtürdüsə, bu gün min cür model libas geyinir. Birzaman çox sadə azuqə ilə qidalanırdısa, bu gün çeşidli yeməklərdən bəhrələnir. Bir zaman miniyi yalnız ayağı idisə, bu gün kosmik gəmilərlə göyləri fəth, kürələri seyr edir. Bir zaman onun bütün məlumatları bir kağız səhifəsində yerləşirdisə, bu gün minlərlə sahələrdə elmi nailiyyətləri vardır. Bir zaman xəncər adlı silah onun böyük ixtirası sayılırdısa, bu gün ağır sənaye və heyrətli cihazlar hamını mat qoyur, mütərəqqi elektronika onu röyalar aləminə aparır. Maraqlıdır ki, insan bununla qane olmur və yeni nailiyyətlər əldə etmək üçün yorulmadan çalışır, zəhmətə qatlaşır. Bir sözlə, təkamülə eşq insanın daxilində alovlanan əbədi və sönməz bir şölədir. Həqiqətdə, insanı heyvandan və digər canlılardan fərqləndirən ən böyük səciyyə də məhz budur!

Bu Kitabı Paylaş
Şərh edilməmiş