Kəlam elminin tərifi
Kəlam elminə müxtəlif təriflər verilmişdir. Bu elm haqqında ümumi anlayış əldə
etmək üçün qeyd etmək lazımdır ki, kəlam elminin vəzifəsi dini etiqadların:
1) dini mətnlərdən çıxarışı;
2) izahı;
3) məntiqi şəkildə tənzimlənməsi;
4) isbatı;
5) və müdafiəsidir.
İndi isə bu vəzifələri ayrı-ayrılıqda izah edək:
1. Bildiyimiz kimi islam maarifi iki əsas mənbəyə, yəni Quran və sünnəyə əsaslanır. Bu səbəbdən kəlamçının ilk işi bu iki mənbəyə müraciət etməklə dini etiqadları üzə çıxarmaq və dini mətnlərin dərki üçün mötəbər sayılan metodlardan istifadə etməklə Quran və sünnənin məzmununu başa düşməkdir. Qeyd etmək lazımdır ki, kəlamçının tədqiqat obyekti islamın nəzəri təlimlərindən ibarətdir ki, bu sahəyə “etiqadi prinsiplər” deyilir (fiqh elmində isə əksinə olaraq, praktiki məsələlər araşdırılır).
2. Kəlam elminin əsas vəzifələrindən biri də dini etiqadları heç bir qaranlıq qalmadan izah etməkdir. Kəlamçı dini etiqadları Quran və hədislərdən çıxardıqdan sonra onları hər bir insanın düşüncəsinə uyğun ibarələrlə aydın şəkildə bəyan edir. Kəlamçı bu mərhələdə Quran və hədislərdən üzə çıxardığı həqiqətləri ən gözəl bəyanla çatdırmaq üçün digər elmlərin terminlərindən və qaydalarından istifadə etməyə məcbur olur. Kəlamçılar bu mərhələdə etiqadi düşüncələrin münasib formada çatdırılması üçün öz fəlsəfi və elmi məlumatlarından istifadə edirlər və hər bir kəlamçı bu yolda öz təfəkkürünə uyğun metodlar seçir.
3. İslamın etiqadi təlimləri dinin əsas mənbələrində, xüsusilə Quranda ardıcıl və nizamlı şəkildə gəlməmişdir. Bu səbəbdən kəlam alimlərinin vəzifəsi müxtəlif mövzuda olan təlimləri tənzimləmək və onların bir-biri ilə qarşılıqlı əlaqəsini aşkar etməkdir. Başqa sözlə desək, kəlam elminin hədəflərindən biri etiqadi təlimlərin toplusu üçün vahid bir sistem yaratmaqdır, belə ki, hər bir mövzunun yeri müəyyən edilsin və komponentləri arasında heç bir ziddiyyət olmayan harmonik bir məcmuə meydana gəlsin. Beləliklə, etiqadi prinsiplər arasında mövcud olan uyğunsuzluğu aradan qaldırmaq kəlamçının
vəzifəsidir. Qeyd etmək lazımdır ki, kəlam alimləri bir çox hallarda bu məsuliyyətin öhdəsindən
gəlmək üçün kəlam elminin əsaslarında yenidən təhlillər aparır və nəticədə daha dərin həqiqətlərə yol açırlar.