Ramazan – Allaha qayıdış üçün ən yaxşı fürsət
İlin dəyişdiyi ay, ilahi rəhmət və bağışlanma ayı olan mübarək ramazan ayının yaxınlaşdığı bir vaxtda bizim də öz daxilimizdəki əyri-əskikliklərdən, çirkinlik və pisliklərdən üz çevirməyimiz – yəni bağışlanmaq istəməyimiz çox münasib görünür. Bağışlanmaq diləmək və tövbə etmək – Allaha qayıtmaq, pis əməllərə arxa çevirmək və yenilik yaratmaqdır: “Rəbbinizdən bağışlanmanızı diləyin, sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran və hər bir əməl sahibinə (əməlinin) mükafatını versin”. Tövbə etmək, Allaha qayıtmaq və özümüzü daxilən islah etmək Allah-Taalanın bizə daha çox lütf və mərhəmət etməsinə, bərəkət, qüvvə və izzət nazil etməsinə bais olur. Bütün təbəqələr – istər mənim kimilər və yüksək vəzifələrdə çalışanlar, istərsə də adi insanlar bu qayıdışa və islahata ehtiyaclıdırlar. Biz vəzifəlilər digərlərindən çox özümüzə qayıtmalı, özümüz haqda yenidən düşünməli və vücudumuzda nəfsin hakimiyyətinə son qoymalıyıq.
Ramazan – Allahla ünsiyyətin baharı
Bu il təsadüfən təbiət baharı dua və Quran baharı ilə eyni vaxta düşmüşdür. Bir neçə gündən sonra insanın özünüislah və Allahla ünsiyyət baharı olan mübarək ramazan ayı başlayacaq. Məgər məsələnin bu cəhətini
unutmaq olar?! Bütün səhvlər bu cəhətə qarşı diqqətsizlikdən irəli gəlir. Səhvi az, qəlbi Allahın mərifət və hidayət nuru ilə işıqlı olan, işarəsi bu xalqa, bizə və dünyanın bütün İslam aşiqlərinə yol açan, bələdçilik edən mərhum və əzəmətli imamımızın Allahla əlaqəsi bu cəhətdən təmin olunmuşdu. nqilab, hökumət və idarələrdə nöqsan və yayınma bu cəhətdən başlayır: mənəviyyat, Allahla əlaqə, qəlbin Allaha diqqəti cəhətinə əhəmiyyətsiz yanaşırlar. Əgər fikir versəniz, bizim inkişaf etdiyimiz, uğur qazandığımız, yaxşı işləyib razı qaldığımız yerlər bu cəhəti təmin etdiyimiz yerlərdir; harada ziyan gördüksə, işin bu cəhətinin zəifliyinə görə oldu.
