“Rəbbiniz buyurdu: Məni çağırın, Mən də sizin harayınıza yetişərəm. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq gətiriləcəklər!”(Əl-Mömin surəsi, 60-cı ayə.)
İnsan həmişə Allaha möhtacdır. Bu möhtaclıq ən çox o vaxt zahir olur ki, insanın əli dünyada hər şeydən üzülsün və kimsə onun köməyinə çatmasın. Bax onda insan öz fitrətinin səsi ilə Allahı gəzir və Ona yalvarmaqla düşdüyü çətinlikdən qurtarmaq istəyir. Bu halətin özü bizə nişan verir ki, insan Allahı müvəqqəti də olsa unutsa çətin vaxtda təzədən öz fitrətinə tərəf qayıdır. Bu barədə Quran buyurur: “Sizi suda və quruda gəzdirən Odur! Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində onları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın
dininə sarılaraq Onu belə çağırarlar: Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükr edənlərdən olarıq!”(Yunus surəsi, 22-ci ayə) Bu qısa dua kitabında çalışmışıq ki, o dualardan istifadə edək ki, insanı müvəqqəti də olsa dünya həyatından ayırıb. Allaha tərəf sövq etsin. Ümidvarıq, əziz müsəlman həmvətənlərimiz kitabda yazılan razi-niyazla dünya və axirətdə Allahın razılığını ələ gətirsinlər.