MÜQƏDDİMƏ
İlahi övliyaların və dövrümüzün saleh insanlarının həyatı həmişə ibrətamiz olmuşdur. Onlar mə`rifət və paklıq nuru ilə həyat yolunu gözəl və dəyərli şəkildə keçmiş, ən adi işləri belə xüsusi bir zövqlə yerinə yetirmişlər. Bu zövq və səfa həqiqətən tə`rifəlayiq və qeyri-adidir. Doğrudan da, onların həyatı bütün yönümlərdən ibrətamizdir. Mə`rifət nuru olan yerdə zülmət əhli üçün adi həyat tamamilə başqa görkəm alır. Allah adamlarının baxışında, dinləməsində, yuxusunda, qidalanmasında, hətta qəzəbində bir nur var. Onların dünya həyatındakı adi addımları, ləzzət və sevinc duyğuları da nuranidir. Bəli, onlar nur sahibləridir. İlahi feyz nurundan bəhrələnməyənlər isə zülmətə qərq olmuşlar. Dünya bütün zər-zibası ilə, aldadıcı cilvələri ilə ilahi övliyaların və pak bəndələrin xatirəsini insanların zehnindən silib apara bilməmişdir. Dünya cilvələri nə qədər güclənsə də, mə`rifət nuru əldə etmək istəyənlərin sayı günbəgün artmaqdadır. Öz həyatını övliyaların həyatına bənzətmək istəyən gənclər və aşiqlər az deyil. Övliyaların əhval-ruhiyyəsi, tərbiyəvi, elmi və ictimai səciyyələri ilə tanış olmaq üçün onların həyatını öyrənmək lazım gəlir. Kamillik yolunu tanımaq, mə`nəviyyat və paklıqdan bəhrələnmək məqsədi ilə övliyaların həyatını mütaliə etmək, onları ideal seçmək çox faydalıdır. Bu yol Qur`anın göstərdiyi və Əhli-beytin (ə) təqdim etdiyi yoldur. Hazırkı əsrin misilsiz arifi həzrət Ayətullah-üzma Behcət (Allah hifz etsin) İslam alimlərinin həyatını mütaliə edib araşdırmağın dəyəri haqqında faydalı
qeydlər etmişdir. Onlardan bə`zilərini nəzərdən keçiririk. Arif buyurur: “Qədim alimlərin həyatının
mütaliəsi əxlaq kitabları kimi mö`təbərdir. İnsan bu zümrənin əhval-ruhiyyəsi və həyatını nəzərdən
keçirdikdə sanki düzgün və mö`təbər bir əxlaq kitabı oxuyur. Onlar dünya həyatını necə sadə yaşamış, nə qədər aram olmuş, öz ömürlərindən necə faydalanmışlar!” Böyük arif başqa bir məqamda ötən
nəsillə indiki nəsil arasında yaranmış uçuruma işarə edir, keçmiş alimlərin dindarlıq, elm və mə`rifətini
yada salır. O buyurur: “Nüfuzlu iman və kamillik, uca məqam sahibi olan alimlər görmüşəm. Onlar imanda
sabitqədəm olmuşlar. Onların məqamı bizlərlə müqayisə olunası deyil. İndiki nəsil həmin alimlər
haqqında deyilənlərə çətin inana. Doğrudan da, onların dərəcəsi, kamilliyi uca məqamı vəsfə gələsi
deyil. İnsan bu fəzilətləri dilə gətirməyə xəcalət çəkir.” Bu kitabı hazırlamaqda məqsədimiz insanları
onlar üçün nümunə olası fəzilətlərdən xəbərdar etmək, gənclərimizə ilahi övliyalar və şiə ariflərinin
məqamından danışmaqdır. Bizdən əvvəl yaşamış Allah aşiqlərinin həyatı ilə tanışlıq çox faydalıdır.
Ayətullah Behcət buyurur: “Keçmiş alimlərin həyatını nəzərdən keçirərkən öz vəziyyətimizdən xəcalət
çəkirik. Görürük ki, bu insanlar çox gənc ikən uca məqamlara çatmışlar. Bu məqamı vəsf etmək çətindir.
Bunun əsas səbəbi onların elm və əməl baxımından fövqəl`adə ucalıqda olmasıdır. Haraya getdi bu
insanlar?! Onlardan bircəciyini tapmaq mümkünsüz!” Keçmiş alimlərin və övliyaların həyatının
öyrənilməsi, onların həyatı ilə tanışlıq istiqamətində axtarışlar aparılmasında Ayətullah Behcətin misilsiz
köməyi var. Onun söhbətlərini dinlədikdə əmin olursan ki, müasirimiz olan bu arif keçmiş alimlərin
həyatını diqqətlə mütaliə etmişdir və İslam cəmiyyətinin təkamülündə bu nümunələrlə tanışlığı
faydalı sayır. Onun başqa bir buyuruğunu nəzərdən keçirək: “Böyük kəramət sahibi olan keçmiş alimlərlə
bizim aramızdakı fərqin bir bu qədər böyük olmasının səbəbi nədir? Bunun kökünü tapmaq lazımdır. Onlar
da bizim məşğul olduğumuz işlərlə məşğul olmuşlar. Dərs oxumuş, mübahisəyə qatılmış , tədris etmiş, yazı yazmışlar. Görən səbəb nədir, onların müstəhəb əməlləri yerinə yetirməsidirmi? Elə düşünürəm ki,
araşdırma aparsaq uyğun fərqi tapa bilərik. Hansı ki, həmin alimlərin imkanları bizdən çox az olmuşdur.
İmkanları az, hərəkətləri isə çox! Onlar böyük nəticələr əldə etmişlər. Onların yaşadığı cəmiyyət necə olmuşdur, alimlər onlara necə tə`sir göstərmişdir?