
İRFANDA PARLAYAN YENİ GÜNƏŞ
Möminlərin nəzərinə çatdırmaq istəyirik ki, Allah-təala hər zaman, elə bizim dövrümüzdə də bəzən bəndələrə xüsusi məhəbbət göstərir. “Hər kəs haqq yolunda sadiq olsa, Allah onu hidayət edər.”
Təkamül və insaniyyət yolu bəndələr üçün həmişə açıqdır. Əgər insan zəhmət çəksə, indiki zamanımızda da İmam Zamanın (ə) diqqəti sayəsində Allaha doğru gedən yolun sadiq yolçusuna çevrilər və kamil məqama çatar. Həqiqətən, bunlar bizə ümid verir və imanımızı təkamülə doğru sövq etdirir. Dediklərimiz əfsanə olmayıb, sübuta yetmiş eyni həqiqətlərdir. Bu həqiqətləri dərk edərək qəlblərimizi dünya bağlılıqlarından azad edə bilsək, mənəvi ləzzətlərin maddi ləzzətlərdən qat-qat üstün olduğunu daha yaxşı başa düşərik. Təəssüflər olsun ki, bir tərəfdən mərifət və iman zəifliyi, digər tərəfdən də batini və zahiri şeytani amillərin hücumu üstünlük təşkil etdiyinə görə belə qiymətli xalis incilərə az diqqət edilir. Burada biz o böyük şəxsiyyətlərdən biri ilə yaxından tanış olacağıq.
Böyük arif həzrət Ayətullah-üzma Şeyx Məhəmməd Təqi Behcət Fuməni 1913-cü ildə Gilan vilayətinin Fumən şəhərində dindar bir ailədə dünyaya göz açıb. Atası Kərbəlayi Mahmud Behcət şəhərin hörmətli və tanınmış şəxslərindən olub. O, əkinçilikdən əlavə, şəhər əhalisinə idarə işlərində də yardım edirmiş. Camaatın etimadını qazandığı üçün onun adı sənədlərdə zamin kimi qeyd olunur. Ədəbiyyat sahəsində gözəl zövqə malik olan Kərbəlayi Mahmudun yazdığı şerlərdə Əhli-beyt (ə), o cümlədən İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin adı xüsusi vurğulanır. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şerlər hələ də o diyarın xətib əhli və məddahlarının dillər əzbəridir.
Behcət bir il dörd aylığında ikən anası vəfat edir. Elə körpəlikdən yetim qalaraq çətinliklərlə üz-üzə duran Behcət bu ilahi imtahanda sınanmaq üçün enişli-yoxuşlu yollar keçməli olur.
