Mehdi zəng vurub atası barədə xatirələri qələmə almağımı xahiş edəndə rədd etməyə ürəyim gəlmədi. Yeni bir işə başlamaq haqda da fikirləşmirdim. “Rəvayəti-fəth” (Zəfər dastanı) sənədli filmlərinin müəllifi və rejissoru ağa Mahmudinin studiyalarının birində görüş təyin etdik, ondan əlyazma, foto və xatirələrinin diskini aldım. Ağa Mahmudi bu mövzunu işləməyə tərəddüd etdiyimi, daha doğrusu, həvəssiz olduğumu anlayıb, “işi qəbul edin, ziyan görməzsiniz” – dedi, amma israr da etmədi. Mehdi diski verəndən sonra bir qədər oturub getdi. Sonra ağa Mahmudi mənə Rəsulla tanışlığı barədə danışdı. – Biz film hazırlamaq üçün Bosniyaya getmişdik. İranlı olduğumuzu bilən hər kəs Məcid Müntəzirini tanıyıbtanımadığımızı soruşurdu. Bir-iki nəfər olsaydı, bunu təsadüf saymaq olardı, amma bu sualı çox təkrar edirdilər; adi adamlardan tutmuş hərbçilərə, məmurlara qədər hamı. Mən xəcalət çəkdim və o xalqın illər sonra da xatırladığı kişinin kim olduğunu öyrənməyə başladım. Bu da nəhayət, öz işini gördü: planımızı dəyişib Məcid Müntəziri, yəni sizin Rəsul Heydəri haqda sorğu-suala başladıq; özü də İrandan minlərlə kilometr aralıda, Avropanın göbəyində yerləşən sakit və alicənab insanlar arasında.
