Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər “Hərb və Sülh” romanında Tolstoy “xalq fikrini”, “Anna Karenina”da “ailə fikrini” əsas götürmüşdüsə, “Dirilmə”də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlanılır. Əsərdə iki həyat sferası təsvir olunur: onlardan biri təbiət, digəri isə cəmiyyətdir. Təbiət insanın mahiyyətinə tam uyğun gələn sferadır: həm təbiəti, həm də insanları Allah yaratmışdır və onlar arasına heç bir ziddiyyət yoxdur. İnsan öz əzəli təbiətinə uyğun hərəkət etdiyi təqdirdə səhvlərə yol vermir, onun ruhu sağ və salamat olur. Elə ki, insan öz təbii mahiyyətindən deyil, ictimai dəyərlər və normalardan çıxış edərək hərəkət edir, onda o fəlakətə düşar olur, səhvlərə yol verir, ruhi cəhətdən ölür.
