Dünyada çıxılmaz vəziyyətlə üzləşənlərin, zülm, haqsızlıq, təcavüz, müharibə və cinayətlərə məruz qalanların ah-naləsi, ailə ocaqlarının dağılması bu həqiqətə canlı şahiddir: Zahirən, haçandan bəri insanların islah və rifahı uğrunda irəli sürülən qanun və ideyalar artıq kiməsə ideal həyat bağışlamağa qadir deyil və bundan sonra da onlara ümid bağlamaq olmaz. Hələ də bilmirik ki, haçana qədər bu qanun və üsulları sınaqdan keçirməliyik. Onların öz carçılarını belə himayə edə bilmədiyini gördüyümüz halda, başqalarının dərdinə çarə haqda danışmağımız yersizdir! Bu qanunlar dərin quyuları xatırladır ki, bəzən yerin altındakı böyük daşları sındırsaq da, məqsədə çatmayıb, özümüzü zəhmətə salmış, su da əldə etməmişik! Hər şeydən əvvəl, qoyulan hər hansı qanunun eyib və nöqsanını axtarmalı, sonra isə həlli haqda fikirləşməliyik. Adətən, bir çox qanunlar xarici istifadə yönünə və tam səthi təsirə malik dərmanlara bənzədiyindən zəhmət, səy və batini təkanların mənşəyi olan insanlıq vicdanının dərinliyinə bir addım belə yaxınlaşmır, daxili istedad və qüvvələrini dirçəltmir, dərdinin köklərini qıra bilmir. Hansı qanun sərvətlərini pişiklərə vəsiyyət edərək milyoner pişiklər kəndi yaradan dünya sahibkarlarını ağıla gətirir, onlara insanlıq şəfqəti bağışlayır?! Hansı qanun bəşəriyyəti yoxsul təbəqələrin himayəsinə dəvət edir?! Hansı qanun boyunlarını qiyməti məlum olmayan ləl-cavahiratla bəzəyənlərdə, evinin yalnız bir otağını neçə milyon məbləğli albomlarla zinətləndirənlərdə insansevərlik ruhunu aşılayır, onları milyonlarla ağır xəstənin nicatı üçün səsləyir? Görəsən, onların ruh və canına yeriyəcək, onlarda azacıq dəyişiklik yarada biləcək bir qanun varmı? Aydındır ki, cavab mənfidir və mövcud qanunlar buna qadir deyil. Belə bir vaxtda “əxlaq”ın (ilahi-fitri vicdan) zərurəti tam aydınlaşır, onun prinsipləri güclü dalğalar kimi, hər maneni arxada qoyur, fəzaları belə ötüb keçir, insanın daxilinə yol tapır, onu tamamilə dəyişdirərək həqiqi mənada yüksək səciyyəvi
xüsusiyyətlərə malik yeni bir şəxs düzəldir, onu elə bir kəsə çevirir ki, özünü başqalarının qəm-kədərinə şərik bilir, özü və başqalarının mənafeyinə bir gözlə baxır, öz rahatlığını artıq başqalarının narahatlığında axtarmır, onun genişüfüqlü fikri nəfsindən coşan hiddətlərə, haqsızlıqlara, təcavüzlərə, kin-küdurətlərə və qisaslara son qoyur, başqaları ilə yekdillik yaradaraq xeyir və bərəkəti artırır. “Əxlaq”ı vicdanlarda diriltməyi özünə borc bilən qarşınızdakı bu kitab məhz həmin məqsədi izləyir və İslamın dəyərli mənbələrindən qaynaqlanır.
Bir Rəy