GÜNDOĞAN ÖLKƏDƏN MÜHACİR

MÜQƏDDİMƏ

 یا نُوراً لَیسَ کمِثْلِهِ نُورٌ

Ey nur ki, onun kimi nur yoxdur!

2014-cü il avqust ayında kimyəvi hücumda zəhərlənmiş 9 müharibə əlilindən ibarət qrupla Hiroşimaya atom bombası atılmasının ildönümü mərasimində iştirak üçün Yaponiyaya dəvət edildik. Hava limanında tərcüməçi kimi hicablı, şərqə məxsus simalı bir xanım təqdim olundu.

Bu səfər Kuniko Yamamura ilə tanışlığımın başlanğıcı idi. O uzun Dubay-Tokio uçuşu zamanı daha çox Quran oxuyur, arabir sadə, bir qədər qeyri-səlis dildə mənə xatirələrini danışırdı.

Yaponiyada, kimyəvi zəhərlənən əlillər və Hiroşima atom bombardmanından sağ çıxanların görüşündə qulağım əlillərin öskürəyində, gözüm iki qrupun sözlərini bir-birinə tərcümə edən Kuniko Yamamurada idi. Arabir gözlərindən damlalar süzülür, onun həyat hekayəsini dinləməyə eşqimi şölələndirirdi. O vaxta qədər bilmirdim ki, bu xanım İranda yeganə yaponiyalı şəhidin anasıdır.

Həmin vaxtdan yaponiyalı xanımın həyat tarixçəsini yazmaq fikri zehnimi məşğul etmişdi. Buna görə də öz qaydam əsasında müsahibədən qabaq həmsöhbətimlə yoldaşlıq üsulunu seçdim. Yeddi il boyu bir bəhanə ilə hər görüşdə iç dünyasına baş vurdum ki, sadəcə hadisələrdə ilişib qalmayım. Nəhayət, qəbul etdi ki, həyatının dilə gətirilməmiş sirlərindən danışsın.

Müsahibə üçün ilk addımı yol yoldaşım, adətən yanımda olan Məsud Əmirxani atdı. Müsahibimlə, ailəsi ilə, qonşularla, məscid əhli ilə 52 saatlıq müsahibə apardı. Tərtib və qələmə almaq mənim öhdəmə düşdü. İkimiz də çalışdıq ki, müsahibin aram tərzdə sadə sözlərindən ibarət mətn ingilis və yapon dillərinə tərcümə üçün bir milli əsər xüsusiyyətlərinə malik olsun.

Bir il fasiləsiz iş və müsahibimizin həqiqətlərin bəyanında heyrətamiz səmimiyyət və diqqəti, təfərrüatların nəqlində çox güclü yaddaşı, onun xatirələrinin münasib rəvayətlərlə müqayisəsi, ustad Mürtəza Sərhənginin təsdiqi ilə “Gündoğan ölkədən mühacir” kitabının qovluğu Həzrət Zəhranın (s.ə) şəhadət günü bağlandı.

Həmid Hisam

2020-ci ilin qışı, Həmədan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button