ƏLİ SİLAHLI ARİFLƏR
Bəzən yarım günlük müqavimət və fədakarlıq əsrlər boyu şölələnib iftixar yaradır. Aşura qəhrəmanlıq dastanı da bu qəbildəndir. Hüseyn (ə) yardımçılarının tarixi hərəkətə gətirmiş fədakarlığı, isarı və cihadı zərbül-məsələ çevrildi. Bu insanlar həyata və ölümə əzəmət vermək iftixarı qazandılar. Onların xatirəsi ilham mənbəyi, adları əzəmət simvolu oldu. Bu mücahidlər İslam nihalını öz qanları ilə suvardılar, din və azadlığa ikinci həyat verdilər. Bəli, beləcə, ölümdən həyat zühur edir. Bu yolla fəna bəqa yaradır, şəhidin al qanı əbədi bir xatirə rəsmi çəkir, şəhidlər tarixin ideallarına çevrilir. Bəli, məhz bu insanlar dindarlıq, təqva, ilahi hökmlərə keşikçilik, Quran və imamın haqq və ədalətin müdafiəsi, azadlıq və haqtələblik, bir sözlə bütün fəzilətlərdə nümunəyə çevrilirlər. Sözümüzün canı aşura, əməl meydanı isə Kərbəladır! İslam Peyğəmbərinin (s) vəfatından yarım əsr keçmiş hicri 61-ci ildə İslam cəmiyyətinə dini təhrif edən, azadələri dara çəkən, ilahi hədləri pozan,
cahiliyyət ənənələrini dirildən, dünyapərəst, zalım, qarınqulu insanlar hakim oldular. Amma bu
sadalananlar onların kiçik günahları idi.