Ön söz
Onu 1982-ci ildən bəri imanlı, cəsur, təvazökar və inqilabçı bir insan kimi tanımışam. Fədakar insan idi. Gecələr ibadətlə məşğul olur, Allahla raz-niyaz edir, tez-tez Quran oxuyurdu. Allaha, əziz Peyğəmbərə (s) və ilahi övliyalara eşq bəsləyirdi. Vilayəti-fəqih sisteminə sadiq idi. Üz-başından bəndəlik, dindarlıq yağırdı.
O, insanları çox sevirdi. Xalqa xidmət, məzlum və yoxsullara kömək etməyə fürsət axtarırdı. Səkkizillik müharibədə, ölkənin cənub-şərqində, Əfqanıstan, Livan, Fələstin, Suriya, İraq, Yəmən və Bəhreyndə yalnız Allahı düşünür, məzlumu müdafiə etmək barədə fikirləşirdi. Vücudunda sonsuz həddə ixlas və inanc vardı.
İmamımız onun şəhadətindən iki həftə sonra Tehranın cümə namazında buyurdu: “Biz əziz şəhid Hacı Qasim Süleymaniyə bir fərd kimi baxmayaq, bir məktəb kimi baxaq; əziz şəhid komandirimizə bir məktəb, bir yol və öyrədici məktəb gözüylə baxaq”.
Hansı məktəb? İslam inqilabının iki imamının baxış üfüqlərində meydana çıxan, böyük və öhdəçi şagirdlər yetişdirən məktəb!
Sərdar Süleymaninin şəxsiyyətinin böyüklüyü və məktəbinin zənginliyi onun barəsində çoxlu kitabların yazılmasını tələb edir. “Şəhid Qasim Süleymani məktəbi” kitabını bu baxışla qələmə aldım. Lakin hələ qarşıda uzun yol var. Bu kitab, həmin yolun davamı kimi, bizi müqavimət cəbhəsinin böyük şəhidinin xüsusiyyətləri ilə tanış edəcək bir əsərdir.
Müqavimət cəbhəsinin şanlı şəhidinə çoxlu kitablar yazılmalıdır. Ümidvarıq ki, Mehriban Allah bu yolda bizə daha çox xidmət etmək və qırxillik dostun böyüklüyünü hamıya göstərmək səadəti bəxş edəcək.
Bu kitabın ərsəyə gəlməsində əməyi keçmiş əziz ustad Mürtəza Sərhəngiyə, qardaşım Məhəmmədəli Mirzayiyə və xanım Məhbubə Əziziyə təşəkkürümü bildirirəm.
Biz, şübhəsiz, yolun ortasındayıq. Ümidvarıq ki, sizin dost tövsiyələrinizlə yol açılsın və biz əziz Süleymaniyə layiqli əsərlər ərsəyə gətirə bilək.
Əli Şirazi
27 Avqust 2021