İslamın həyatbəxş məktəbi həm fərdin maddi və mənəvi təkamülünə, həm də cəmiyyətin tərəqqi və yüksəlişinə zəmanət verən mükəmməl bir proqrama malikdir. İslama görə, hökumətin təşkili ləyaqətli hakimlərin – həyatda və aşkarda olduqları vaxt
məsumların (ə), qeyb dövründə isə “vəliyyi-fəqih”in tanıtdırılması ilə möminlərin ixtiyarına verilmişdir. Məsələ burasındadır ki, Əziz Peyğəmbərimizin (ə) vəfatından sonra İslam cəmiyyəti Allahın əmri və Peyğəmbərin (s) itaətindən çıxaraq, özünü Əmirəlmöminin Əlinin (ə) rəhbərliyindən məhrum
etdi. Lakin üzərindən 25 il ötdükdən sonra, artıq, yaranmış çıxılmaz vəziyyətdən çıxış yolunu o Həzrətin siyasət və tədbirlərində gördü. Əmirəlmöminin Əlinin (ə) beş illik enişli-yoxuşlu hakimiyyəti həqiqi İslam siyasəti və idarəçiliyinin, idarəetmənin İslam modelinin hansı formada olduğunu görmək və bilmək üçün gözəl bir nümunədir.
