Yazılmayan sətirlər
Ötən illərə rəğmən hələ də məhəllə uşaqlarının gülüş səsləri qulağımda cingildəyir. Hələ də özümü Zərəndin küçə və dalanlarında dostları ilə qaçışan şən və azad qızcığaz hiss edirəm. Hansı ki, o dövrdə heç bir küçəsi kiminsə adını daşımırdı. Hələ də meyvə kimi ətirli tamı olan əlli il qabaqkı şirin günlərin həsrətini çəkirəm. Üstündən cəmi yarım əsr keçməsinə baxmayaraq sanki
qərinələr ötmüşdür. Evimiz bir növ rəngarəng rəsm əsərini xatırladan əksər tikililəri eyni forma və ölçüdə sıralanmış Zərəndin indiki “Şəhrivər 17” prospektindəki məhəllələrdən birində yerləşirdi. Özündə böyüklü-kiçikli on-on iki nəfərə yer verən bu ocaq həyət və geniş otaqları, ayrıca qış və yay salonu, firuzə rəngli kaşılarla örtülmüş iri hovuzu könül oxşayırdı. Məhəllənin bütün sakinləri ailə sahibi olub, külfəti çox
olanların da ad-sanı artıq idi. Hazırda o görkəmdən əsərəlamət qalmadığı və anam da evimizi dəyişərək başqa evə köçdüyü halda, dar dalanları ilə səfa və səmimiyyət dolu cəmi on altı ev və ailəni bir-birinə qovuşduran məhəlləmiz yenə də mənim üçün uşaqlıq dövrünün xoş xatirələrini canlandırır. Uşaqlıqda elə düşünürdüm ki, bütün dünya zehnimdə gündəlik seyr etdiyim tablodan ibarətdir. Bizim dövrümüzdə qayğı və tərbiyəmiz bacarıqlı, dünyagörmüş anaların üzərinə düşürdü. Məsələn, müəyyən dərman bitkiləri ilə bizi müalicə edər, qarınağrısı, qəbz, zökəm və s. dərdləri türkəçarə üsulu ilə aradan qaldırardılar. Evimizdəki taxçalar anamın yığdığı müxtəlif müalicəvi otlar və şəfa əhəmiyyətli zikr və ayələr yazılmış nüsxələrlə dolu olurdu. Qapımız müraciət edənlər üçün, demək olar, əczaxanaya çevrilmişdi və hamı anama şəfa bəxş edən bir təbib gözü ilə baxır, ona etimad edirdi. Çünki anam özü də imam Rzadan (ə) şəfa almışdı.
