Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur. Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Riza (ə) o xanımı pak,nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.
İmam Cavadın (ə) atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş, iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur.
[redaktə / تحریر] İmam Cavadın (ə) həməsri olmuş xəlifələr
İmam Məhəmməd Təqi (ə) (İmam Cavad) İmam olduğu müddət ərzində iki Abbasi xəlifəsi ilə, yəni Məmun (193-218 h.q) və Mötəsimlə (218-227 h.q) bir dövrdə yaşamışdır. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Riza (ə) barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar.
Xeyir-bərəkətli bir təvəllüd İmam Riza əleyhissəlamın ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (ə) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Riza əleyhissəlamın yanında idim. Bu vaxt o Həzrətin azyaşlı uşağı Cavad (ə) bizim yanımıza gəldi. İmam Riza (ə) buyurdu ki,şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”
Deyilənlərə görə İmam Riza (ə) müxtəlif münasibətlərdə, yeri gəldikcə öz əziz oğlunu bu cür yad edirdi. Belə ki, bu məsələ artıq şiələrin hamısına bəlli idi. İbn Əsbat və Əbbad ibn İsmayıl adlı iki şiənin dediyinə görə bir dəfə onlar İmam Riza əleyhissəlamın hüzurunda olarkən Həzrət Cavadı (ə) onların yanına gətirirlər. Onlar İmam Riza əleyhissəlamdan soruşurlar ki, bu, həmin dediyiniz xeyir-bərəkətli uşaqdır? İmam Riza (ə) onların cavabında buyurur: “Bəli, bu, İslamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır.”
Əbu Yəhya Sənani deyir: “Məkkədə olarkən İmam Riza əleyhissəlamın hüzuruna getdim. Gördüm ki, o Həzrət banan soyub oğlu Cavada (ə) verir. O Həzrətə dedim: “Bu, həmin xeyir-bərəkətli uşaqdır?” O Həzrət cavab verdi ki, bəli, bu, həmin uşaqdır ki, İslamda onun kimisi və şiələrimiz üçün ondan xeyirlisi doğulmamışdır.”