Fədəyin tarixindəki hadisələr
Fədək ətrafında dövr edən tarixi mərhələlərə nəzər salan şəxs Fədək
barədə yanaşmanın müəyyən bir qayda çərçivəsində olmadığını, həmçinin
aydın bir dəlilə uyğun rəftar edilmədiyini görəcək. Əksər zamanlarda onunla
bağlı hökmlərdə “ictihad”, siyasət, həvaye-nəfs və istəklərin aşkar təsirləri
görünür. İlk üç xəlifənin onunla bağlı fərqli rəftarları olmuş, Əməvilər və
Abbasilər dövründə isə vəziyyət dolaşıq hal almışdı.
Əvvəldə də qeyd edildiyi kimi, ilk dövrlərdə Əbu Bəkr Fədəyi Əhli-Beytin
(ə) əlindən almış, Ömər isə öz xilafəti dövründə miras ünvanı ilə deyil, daha
yaxşı baxılması və qulluq edilməsi üçün onlara (ə) qaytarmışdı. Bunu Müslim
və Buxarinin rəvayətlərində də görürük. Ömər Abbasa və Möminlərin əmirinə (ə) deyir (rəvayət Müslimdəndir): “Əgər istəyirsinizsə onu sizə verərəm, belə ki, Peyğəmbərin (s) onunla rəftar etdiyi kimi sizin də rəftar etməniz Allahın boynunuzdakı əhdidir – demişdim. Siz onu götürdünüz. Belə deyilmi?” Dedilər: “Bəli, elədir”. Ömər dedi: “Sonra yanıma gəlib aranızda hökm etməməyimi istədiniz. Xeyr, Allaha and olsun ki, sizin aranızda bundan başqası ilə hökm etməyəcəyəm”.
İbn Həcər bu rəvayətin şərhində “…Xeyr, Allaha and olsun ki, sizin aranızda bundan başqası ilə hökm etməyəcəyəm” sözü ilə bağlı deyir: “Yəni, bunu sizə yalnız rəhbərlik və baxım üçün verirəm”. Lakin Osman xilafəti dövründə onu geri aldı və Mərvan ibn Həkəmə verdi. Bu, Peyğəmbərin (s) qovaraq sürgün etdiyi həmin Mərvan ibn Həkəmdir ki, Osman onu Mədinəyə qaytardı, himayə etdi və qızı ilə evləndirdi. İbn Əbdu Rəbbih Əndəlusi deyir: “Camaatı Osmana qarşı ən çox qəzəbləndirən isə Peyğəmbərin (s) qovaraq sürgün etdiyi həmin Həkəm ibn Əbülası himayə etməsiydi… Fədək Peyğəmbərin (s) sədəqəsi olduğu halda Osman onu Mərvana verdi”.