İnsanın öz pak niyyətlərinə çatmasına kömək edən Ulu Tanrı nəhayətsiz
minnətdarlıqlara layiqdir ki, ona həyatın enişli-yoxuşlu yollarında doğru-düzgün bilik öyrədən qayğıkeş yolgöstərənlər müəyyən etmişdir. Onun elçisinə hər sözdən və bəyandan üstün olan çoxlu salamlar olsun ki, öz vücudunun şamını insanların təlim-tərbiyəsi yolunda əritmiş, onların solğun və ölgün ürəklərini hikmət dolu sözləri ilə əzizləyib oxşamış, yaradılışın ən yüksək məqsədini bütün əsrlərdə, bütün təbəqələrdən olan insanlara
aydınlaşdırmışdır.
Cəmiyyətin parlaq çıraqları, uzaqgörən maarifçiləri, dərin bilikli, dünyagörüşlü və azad fikirli, pak və çirkaba bulaşmamış bir qrup rəhbərlərindən ibarət olan Həzrət Mühəmmədin pak ocağı və xanədanı, əgər onun vəfatından sonra çirkli əllər və şeytani sistemlər onların rəhbərliyinə, insani rəftarına mane olmasaydılar, bu gün bəşəriyyətin həyatı başqa şəkildə, insanların tə`lim-tərbiyəsinin səviyyəsi isə daha üstün olardı. O qrup adamlara nifrətlər olsun ki, öz alçaq dünyəvi arzularına çatmaq, rəyasət və hökmranlıq taxtına, qüdrət və sərvət sarayına sahib olmaq üçün bu nurlu çıraqları söndürmüş, cəmiyyətin rəhbərliyini buna heç bir ləyaqəti olmayan savadsızların və ağılsızların əllərinə tapşırmışlar. Ən heyrət doğuran cəhət budur ki, xalqın bir hissəsi də, həmin əlləri öpmüş, onları hərarətlə sıxmışdır. Halbuki, onlar özlərinin bütün qüvvəsini o
əlləri kəsmək və yox etmək üçün səfərbər etməli idilər. Bəli, İslam Peyğəmbərinin yadigarı, inqilabın ən böyük şəxsiyyəti, azadlıqsevənlərin sərvəri Hüseyn ibni Əlin (əleyhissalam)-ın pak və qüdrətli əli idi ki, o əlləri lərzəyə sala, sitəm sarayını viran edə bildi, fədakarlığın dəyərli nişanını və hər nişandan daha üstün olan şəhidlik nişanını “İnqilab Məktəbi” adı ilə əbədi olaraq öz əlində saxlaya bildi. Buna görə hər ilin müəyyən günlərində o qəhrəmanlığı və fədakarlığı yad etmək üçün düşüncələrdə bir oyanış yaranır və azadlıq sevənlərin fəryadı və naləsi eşidilir.