İnsan öz həyatında qarşılıqlı əlaqələr yaradıb ictimai şəkildə yaşamağa meyl göstərən bir vücuddur. Onun ictimai yaşayışı həqiqətən zati, təbii və fitri bir məsələdir. Buna əsasən onun dağlar qoynunda, səhralarda və meşələrdə təkcə yaşaması öz fitrətinə zidd və əslində qeyri-mümkün olan bir işdir. Həmin məsələ ilə əlaqədar olaraq hikmət alimləri demişlər ki, insan təbii və fitri cəhətdən mədəni və ictimai bir məxluq kimi yaranmışdır. Cəmiyyət
qurmaq, başqalarının qeydinə qalmaq, onların həyat və yaşayışları ilə maraqlanmaq, təsir edib təsirə məruz qalmaq, başqa insanlarla həmkarlıq edib yaşayış problemlərini həll etmək, yaşadığı cəmiyyətdə maddi və mənəvi çətinlikləri aradan qaldırmaq və bəzən də cəmiyyətin ümumi mənafeyinə, özünün şəxsi hüquqlarına təcavüz olunduqda müdafiə mövqeyi seçmək və nəticədə öz dünyasının təmin olması və axirətinin abadlaşmasında əsas rol oynayan bu kimi əməl və hərəkətlər onun fitrətində və təbiətindədir. Belə bir şəkildə təşkil edilmiş hər hansı bir cəmiyyət öz həyatını davam etdirmək üçün orada
hakim olan din və qayda-qanunları da qorumalıdır. Həmin din, ayin və qayda-qanunuların qorunmasının yollarından biri də əmr be məruf (yaxşı işlərə dəvət) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) mövzusudur. Cəmiyyət üzvlərindən kimsə hər hansı bir qanuna və ya dinə zidd hərəkət edib hakim qanunlara hörmətsizlik etdikdə cəmiyyətin bütün üzvləri onu qorumaq məqsədi ilə həmin şəxsi bu kimi işlərdən çəkindirməlidir. Cəmiyyət üzvləri ümumi prinsipləri qorusunlar deyə, qanuna zidd olan hər hansı bir hərəkətin qarşısını almalı və öz məsuliyyətli öyüd-nəsihətləri ilə onları yaxşı işlərə tərəf yönəltməli və pis işlərdən çəkindirməlidirlər. Həzrət əli (ə) bu barədə belə buyurubdur: İslam şəriətinin davam etməsi əmr be məruf və nəhy əz münkərdən asılıdır.