
İmam Səccad (ə) haqqında bilmədikləriniz.
İmam Səccad (ə) haqda danışmaq və yazmaq çətindir. Çünki insanların bu böyük imamla tanışlığına şərait çox əlverişsizdir. Əksər tarixçi və təhlilçilər elə bilirlər ki, bu imam bir tərəfdə oturub ibadətlə məşğul olmuş və siyasətə qarışmamışdır. Bəziləri bunu açıqca söyləmişlər, açıq söyləməyənlərin də qənaəti bundan başqa bir şey olmamışdır. Bunu imama verilən ləqəblərdən və deyilən sözlərdən də anlamaq olar.
Bəzi adamlar ona Xəstə ləqəbi verirlər, halbuki onun xəstəliyi Aşura hadisəsinin baş verdiyi bir neçə günü əhatə edirdi, ondan sonra davam etmədi. Hər bir adam ömründə bir neçə gün xəstələnə bilər. Baxmayaraq ki, bu imamın xəstəliyi ilahi məsələhət üçün olmuşdur. Məqsəd bu idi ki, həmin gün Allah yolunda müdafiə və cihad vəzifəsi onun üzərinə düşməsin və gələcəkdə ağır əmanət olan imamət yükünü götürsün, atasından 35, yaxud 34 il sonraya qədər yaşasın və Şiə məzhəbinin ən çətin dövründə ona rəhbərlik etsin.