
Birinci fəsil
Uşaqlıq illərimin xatirələri
Artıq bezmişdim. Əllərimi yuduqca daha sürüşkən hal alırdı. Get-gedə əlimin qızarmış dərisi də dırnaqlarımın ətrafında qabıq verib qanayırdı. Bilirdim ki, babam quyruq tikəsini qıyığa salıb qızdıran kimi yardıma gələcək, amma yenə də əllərimi yumağı dayandırmırdım. Pilləkənin ağzında oturan Höccət isə məndən fərqli olaraq əllərini yumağı düşünmürdü. O, özünü inandırmışdı ki, əhəngli suyun yağlılığı getməyəcək.
–Mehdi, Höccət, əllərinizi uzadın.
Əllərimizi ona tərəf uzatdıq. Ərinmiş quyruq od üzərinə tökülən su kimi əllərimizi toxtadırdı. Hövsələ ilə quyruğun üzərində olan yağı barmaqlarımızın hər tərəfinə yaydıq. Dərinin çatlayıb göynəməsi əziyyət versə də, bir neçə gün əhəngli suda qalan tükləri, kiçik əllərimizlə təmizlənən quyruğu gördükdə ağrı-acı canımızdan çıxırdı.
Atam beşinci sinfə qədər də olsa, təhsil almışdı. Ailəni dolandırmaq üçün Ərdistanda bənnalıqla məşğul idi. O usta olsa da, öz şəhərimizdə yox, çox vaxt Tehran, Simnan, Qəzvin və Gərmsarda işləyirdi.
Tehranda işlədiyi müddətdə orada torpaq sahəsi almışdı. Amma babamın maddi durumuna görə iflic və yatalaq olan yazıq Həmidə nənənin dava-dərmanı üçün onu satmaq məcburiyyətində qalmışdı.
Həmən günlərdə Yadullah Təhaniyan ustanın bütün qəm-kədəri anası idi. O, Ərdistana az-az gəlsə də, anasını ayaq üstə və sağlam görmək üçün əlindən gələni əsirgəmədi. Amma bu zəhmətlərin heç bir faydası olmadı.
Dəcəlliyimin daimi yoldaşı olan Höccətlə 1967-ci ildə, İmam Zamanın (ə.f.) mövlud bayramında dünyaya gəldik. Buna görə də mənə Mehdi, ona isə Höccət adını verdilər. Məndən bir il yarım öncə bacım Zəhra və bir il sonra qardaşım Mürtəza dünyaya gəldi. Beş il sonra isə Allah Fatimə bacımı bizə verdi. Dörd kiçik uşağa diqqət yetirmək, tərbiyə etmək anam üçün asan deyildi. Atam altı ayda bir dəfə, bəzən də ildə bir dəfə Ərdistana gəlirdi. Buna görə də, bütün çətinliklərimiz anamızın öhdəsində idi.
