Bismillahir-Rəhmanir-Rəhim
Əvvəldə siz qardaş və bacıların hamısına, İslam Respublikasının əziz qonaqlarına xoşgəldin deyirəm. Ümidvaram ki, dünya müsəlmanları arasında uca Quran təlimlərinə əsaslanan qardaşlıq və səmimiyyət günbəgün möhkəmlənsin. İnqilabın sözlərinin dünyada sübuta yetməsi Bu günlər İran xalqı, həmçinin bu böyük inqilabın əsl mahiyyətini dərk edən və onu yüksək dəyərləndirən bütün insanlar üçün çox böyük və xatirəli günlərdir. Həmin parlaq
günlərdən on iki il ötür. Bizim əzəmətli rəhbərimizin və böyük imamımızın başçılığı ilə bu məmləkətdə Quran prinsipləri və İslam təməlləri əsasında baş verən inqilab günbəgün genişlənmiş və onun sözləri bu on iki ilin sınaqlarında bir-birinin ardınca sübuta yetmişdir. İnqilabın ilk sözü: Mənəvi dəyərlərin hakimiyyətinin başlanması Bu inqilabın birinci sözü bu idi ki, mənəvi dəyərlərin hakimiyyət dövrü başlanmışdır. O zaman bu sözü anlayan, ona inanan az idi. Çünki materialist dalğalar və materializmə əsaslanan qüvvələr dünyanı bürümüşdü. Bu gün isə bu həqiqəti tam dərk edib anlayan şəxslər çoxdur. Bu gün dünyanın hər yerində mənəvi dəyərlər yenidən dirçəlmək üzrədir və onların çoxu dirçəlmişdir. Müxtəlif formalarda – istər marksist təfəkkürlər formasında, istər ondan təhlükəli formada olan, yəni pulla, güclə və təbliğatla silahlanmış, qlobal hegemonizmdə və hamısından çox ABŞ hökumətində görünən materiyanın hakimiyyəti formasında olan materializm öz uğursuzluğunu və acizliyini göstərmişdir. İnqilabın ikinci sözü: İnsanların iradəsi ilə mübarizədə maddi güclərin acizliyi İnqilabın digər mesajı bu idi ki, materialist güclər mənəvi dəyərlərlə, insanların hərəkət və iradəsi ilə mübarizədə acizdirlər. Bu gün dünyada bu həqiqəti anlamayan insan azdır. Yalnız dünya hadisələrini diqqətlə izləməyənlər bunu anlamazlar. Materialist gücə arxalanan hegemon qurumların zəifliyinə ən böyük əlamət budur ki, bu inqilab, bu quruluş və əsl İslam müsəlman İran ölkəsində qaldı, günbəgün gücləndi və möhkəmləndi. Dünyada bir İslam quruluşunun yaranıb qala və günbəgün güclənə bilməsi materialist güclərin puçluğunun, acizliyinin əlamətidir. Çünki bacarsalar, dözməz, onu yaşamağa qoymaz və var qüvvələri ilə çalışıb məhv edərlər.
