İslam tarixi islam dininin VII əsrdə ortaya çıxışından və islam dövlətinin qurulmasından başlayaraq müasir zamanlara qədər uzanan müddətdə, islam
dini, islam dinini mənimsəyən bölgə və toplumlar ilə bu toplumların islam adı altında ortaya qoyduğu ayinləri saxlayan tarix qoludur. İslam tarixi islam inancını həm bir din həm də bir ictimai müəssisə olaraq araşdırır və nəticədə
hadisələri bu məzmunda təqdim edir.
İslam tarixi uzun zamanı əhatə edən, coğrafi baxımdan isə Çinin sərhədlərindən tutmuş Fransanın cənubunadək olan ərazilərin tarixi ilə sıx əlaqədə olan tarixdir. Bu tarixin başlanğıcı ilk vəhyin Məhəmməd bin Abdullaha (s) nazil olmasından başlayır. İslam tarixi təkcə Peyğəmbərimizin
(s) həyatını öyrənməklə bitmir. Bu, Raşidilər dövrünü (632-661), Əməvilər dövrünü (661-750) və Abbasilər dövrünü (750-1258) bütövlükdə əhatə etməklə yanaşı, Buveyhilər, İdrisilər, Həmdanilər, Əyyubilər, Səlcuqilər, Osmanlılar (1299-1924) və islam coğrafiyasında meydana gəlmiş digər dövlətlərin tarixini
öyrənən müstəqil fəndir. İslam tarixinin mərkəzini və islam tarixinin qızıl çağını təşkil edən dövr dinin zühur etməsindən Məhəmməd peyğəmbərin (s) ölümünə qədər davam edən və islami qaynaqlarda “Əsri-səadət” (səadət dövrü) olaraq adlandırılan dövrdür. “Əsri-Səadət” iki ana hissədə araşdırılır. Bunlar Məkkə dövrü və Mədinə dövrüdür. Məkkə dövrü daha çox dinin meydana gəlməsi, ilk müsəlman icması, əxlaqi və dini dəyərlərin müsəlman icması tərəfindən mənimsənməsi, mövcud olan dini inanc ilə islamın qarşıdurması və müqavimətlərini ehtiva edir. Bu dövr hicrətlə birlikdə sona çatır. Mədinə
dövründə isə, islam dövlətin və cəmiyyətin quruluşu ilə daha siyasi və ictimai bir dövr olub, müxtəlif döyüşlərə və həm siyasi nüfuz həm də ictimai rifah mənasında yüksəliş ifadə edən bir zaman dilimidir. Bu dövrdə bütün Ərəbistan Yarımadası müsəlmanların idarəsinə girmişdir. Həmin zamanın qüdrətli hakimlərinə məktub yazıb dinə dəvət etməklə yanaşı, həzrət Peyğəmbər (s) müxtəlif bölgələrə təbliğatçılar göndərirdi. Beləliklə, Sasani imperiyasının müstəmləkələrindən biri olan Yəmənə həzrət Peyğəmbər (s) islam dinin təbliği üçün həzrət Əlini (ə) göndərir və yəmənlilər islamı qəbul edirlər. İlk dəfə azərbaycanlılar islam dini ilə yaxından məhz yəmənlilər vasitəsilə tanış olurlar. Bəzi tarixçilərin fikrincə, hətta Azərbaycan
əhalisinin bir hissəsi ərəb işğalından öncə islamı qəbul etmişdi. Eyni imperiyanın tərkibində olan İranla Azərbaycanın tarixi və mədəni bağlılığını nəzərə alsaq, iki ölkədən birində baş verənlər birbaşa digərinə də təsir göstərirdi. İlk dəfə Sasani ordusu ilə müsəlman-ərəb qoşunları xəlifə Əbu Bəkrin dövründə (632-634) qarşılaşırlar. Bu qarşıdurmada hətta nisbətən müstəqil xristian Arran hakimləri Sasanilərin tərəfində döyüşürlər. Xəlifə Əbu Bəkr ərəb fəthlərinin ilk dövründə müsəlman qoşunlarına belə əmr etmişdi:
“İnsanları şikəst etməyin, nə kiçik uşaqları, nə qocaları, nə də qadınları öldürməyin; meyvə ağaclarını tələf etməyin, heyvanları tələf etməyin. Siz hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz; onları rahat buraxın və ibadətlərinə mane olmayın. Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun.”