Şübhəsiz, bütün insanlar xoşbəxtliyi sevir və arzulayırlar. Bu böyük səadətə nail olmaq üçün nəfsin saflaşdırılıb tərbiyələndirilməsi, yəni rəzil əxlaqi sifətləri uzaqlaşdırıb, bəyənilmiş keyfiyyətləri özündə yaratmaq gözəl bir xüsusiyyətdir. Allahın göndərdiyi peyğəmbər və övliyalar da bu yolla getmiş, haqsevərləri bu yola dəvət etmişlər. «Qurani-Kərim»də həmin mövzuya açıq-aydın işarə edilərək təkidlə buyurulur: “And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta)! Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. («Şəms»- 9, 8) Əlbəttə, ulu Tanrının and içməyə ehtiyacı olmasa da, bizə mətləbin zəruriliyini anlatmaq üçün bu böyük kəlamın doğruluğuna on bir dəfə and içir. Həmçinin Allah-təala «Qurani-Kərim»in başqa bir yerində sonuncu peyğəmbər Mühəmməd(s)-in göndərilməsini insanların maariflənməsi və tərbiyələndirilməsi üçün əsas səbəb hesab edərək buyurur: “(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabın-dan) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər”. Peyğəmbər(s) öz peyğəmbərliyi barədə belə buyurur: “Mən Allah tərəfindən əxlaqi gözəllikləri tamamlamaq üçün göndərilmişəm”. İmam Səccad (İmam Zeynülabidin)(ə) Həzrəti-Mühəmməd(s)-dən belə nəql edir : “Mən Allah tərəfindən əxlaqı saflaşdırmaq və gözəlləşdirmək üçün gəlmişəm”.
