Allah-taala hər bir əsrdə bəşər övladını hidayət etmək üçün həzrət Adəm, Nuh, Musa, İsa (ə) və bu kimi digər böyük peyğəmbərlər göndərmiş, onlara ilahi qanunlar məcmuəsi olan səmavi kitablar nazil etmişdir. Nəhayət səma elçiləri silsiləsinin sonuncusu və ən əzəmətlisi olan İslam peyğəmbəri həzrət Məhəmmədi (s) peyğəmbərliyə seçmiş, sələf dinlərin təkmilləşdiricisi və əbədi mö`cüzəsi olan Qur`anı insanların yenilməz hidayət çırağı qərar
vermişdir. Peyğəmbəri-Əkrəm 23 il ərzində müxtəlif əzab əziyyətlərə dözərək Ərəbistan yarımadasında İslam məktəbinin bünövrəsini qoymuş, digər xalqları, o cümlədən dövrün məşhur imperatorları və dövlət başçılarını da bu müqəddəs dinə də`vət etmişdir. Beləliklə, Qur`an və İslam nuru o həzrətin vəsfolunmaz zəhmətləri sayəsində bütün dünyaya yayılmışdır. İslamın zühur etdiyi ilk çağlardan başlayaraq, müasir dövrə qədər xüsusi mövqe və məqama malik olan, bu dinin danılmaz prinsipləri əsasında öz xüsusiyyətlərini müdafiə edən Şiəlik məktəbi yeganə yoldur ki, daim Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) məsləkini davam etdirmişdir. Bu yolun davamçıları bir an da olsun öz sələflərinin hədəf və məqsədlərindən uzaqlaşmamış, onların həqiqi ardıcılları olmuş, Qur`an və İslamın nurani hökmlərini Peyğəmbərin (s) özündən və onun pak Əhlibeytindən (ə) əxz edərək, yalnız onların sözlərini höccət
hesab etmişlər.
