
Ön söz
Enişli-yoxuşlu qəhrəmanlıq və fədakarlıq dövründə şəhərimin çoxlu kişi və qadınları ən yaxşılara xas yolla getdilər, şəhadət ordeninə layiq görüldülər. Şəhadət yolu şübhəsiz, yar diyarına gedən yoldur, ondan üstün zirvə yoxdur. Allah rəsulu (s) belə buyurub: “Hər bir xeyirdən üstün xeyir var, ancaq Allah yolunda ölməkdən üstün xeyir yoxdur”.[1]
Bu hadisələr burulğanında şəhərimin yorğun gözləri önündən 2600 tabut keçdi. Bu şəhərə iraqlılar “Bələd əl-səvarix”, yəni Raketlər şəhəri adını vermişdilər. O, 176 raket, 2500 mərmi və 300 bomba yarası alsa da, 2700 günlük müqavimət dövründə heç nədən şikayətlənmədi, əhalisi şəhərdən çıxmadı, damarlarındakı həyat qanı axmağa davam etdi.
İranın müqavimət paytaxtı olan qəhrəman Dezfulun tarixində əbədi yaşayacaq 2600 şərəfli ad arasında 414 qəhrəman xanımın adı parlayır. Şəhərimin bu qız və qadınları nam-nişansız şəhidlərdir. Onlar bu gün öz şəhərlərində də qəribdirlər, tanınmırlar.
Şəhid qız və qadınların həyatının hər anı İslam həyat tərzinin dəyərli nümunəsidir, bugünkü nəslə dərs və mesajla doludur, hər addımları Allaha doğru yolu göstərir. Onların adları, xatirələri, məqsədləri və uğrunda canlarını verdikləri dəyərlər sabahlara gedən yola işıq saçır.
Şəhid İsmət Purənvərini tanıyandan sonra onun ilahi rəngə boyanmış düşüncə və əməllərini hamıya çatdırmaq qərarına gəldim. Çoxlu problemlər yaransa da, ruhdan düşmədim, kitabın nəşri üçün gecə-gündüz çalışdım, müqəddəs müdafiə dəyərlərinə sadiq şəxslərdən iki ilə yaxın kömək istədim. Lakin təəssüf ki, heç bir nəticə əldə edə bilmədim.
Onun xatirələrini toplamağa başlayandan qələmə alıb bitirənə qədərki dövr də çox çətin keçdi. Amma o məşəqqətli günlərin hər bir anında İsmət yanımda idi, məni istədiyi istiqamətə yönəldirdi. Hər gün elə bilirdim ki, işi sona çatdıra bilməyəcəyəm və İsmətin xatirələri yarımçıq qalacaq.
İsmətin şəhadətindən 33 ildən artıq vaxt keçdiyinə görə bəzi müsahiblərim hadisələri xatırlamırdılar. Bəzən ağır qəhər onları sükuta vadar edirdi və mən daha səbirli olmağa çalışırdım. Bəzən baş vermiş hadisələrdən sarsılıb gözlərimi həmişəlik yummaq istəyirdim. Bəzən də ürəyim ancaq sükut etmək və vücudum sakitləşmək istəyirdi.
Lakin bacarmadım. İsmətin xatirələri yazılmalı, bugünkü qızlarımız onu tanımalı idi. Bu fikir məni bir an da rahat buraxmırdı. İsmətin yaxınları danışarkən həmin günlər gözlərim önündə canlanırdı. Belə bir qəhrəman qadının xatirələrinin indiyə qədər danışılıb-yazılmadığına, onun tanınmaz qaldığına görə qəm-qüssədən yatağa düşdüm. Sanki şəhərin daş-divarları qəlbimə çökürdü. Bəzən elə illərə qayıdırdım ki, o zaman mən ümumiyyətlə yox idim, amma o günlərin, o insanların həsrəti məni öldürürdü.
İsmətin anasının sözləri ruhumu oxşayırdı. Günəşin qürubuna baxır, gözləri yol çəkirdi. Mənə deyirdi: “Öləndən sonra məzarımın üstünə böyük hərflərlə yazarsınız: “Hicab həzrət Zəhranın hədiyyəsidir”. İsrarı çox düşündürücü idi. Buna dair məndən söz aldı.
İsmətdən danışanda sanki 33 il öncədən yox, dünəndən danışırdı. O zaman mən müsahibənin heç vaxt bitməməsini arzulayır, o günlərə səyahət edir, anasının təsvir etdiyi İsmətlə birlikdə yaşayırdım. Sözlərinə o qədər diqqətlə asırdım ki, şam azanının səsi məni silkələyib o haldan çıxarır, evə getməli olduğumu yada salırdı. Qəribə hiss idi. Sanki bu dövrə aid deyildim, insanlara yad idim. Sanki hər şeyin fərqləndiyi başqa bir şəhərdə addımlayırdım.
Şəhərimin şəhidlərinin dözümlü anaları hələ də dağ kimi möhkəmdirlər, Allah-Taalaya şükür edir, Onun razı olduğuna razı olurlar. Hər birinin dilində olan yeganə cümlə budur: “Biz Allahla alış-veriş etmişik”.
İsmətin dünyaya gəlişindən şəhadətinə qədərki həyatı, şəhadətindən sonrakı mənəvi varlığı və ruhən yaşaması gecə-gündüz yaşayıb ağladığım bu kitabı ərsəyə gətirdi. Onun çapından ötrü qarşıma çıxan acı və inanılmaz macəralara və digər çətinliklərə yalnız İsmətin duası ilə əldə edilən rahatlıq sayəsində dözmək olardı. O böyük məqsəd məni ruhdan düşməyə qoymurdu, qəlbim sınsa və yorulsam da, yolu davam etdirdim, nəhayət, şəhidin lütfü sayəsində bu böyük məqsədə yolum açıldı, cihad və fədakarlıq dövrünün yadigarlarından olan xanım Fatimə Şərifinəsəb qarşıma çıxdı və arzularımın bağçasına qapı açdı.
Acılı-şirinli xatirələr həyat təcrübələri ilə dolu bir kitabın yazılmasına səbəb oldu, Böyük Rəhbər İmam Xameneinin istəyi həyata keçdi. Bu kitabı hiss və idrakımın zərrələri ilə yazdım, İsmətin yardımları əlimdən tutdu və məqsəd ilə nail oldum. Bu xatirələrin çapı şəhidlərə həqiqətən eşq bəsləyən, əməl adamı olan şəxslərin zəhmətinin bəhrəsidir.
Bu səhifələr böyük şəhid İsmət Purənvərinin həyat və fəzilət dəryasından bir damla olsa da, sənədli qeydlər şəklində bir kitab hazırlayıb onu ölkəmin qızlarına tanıtdırmağı özümə borc bildim. Ümidvaram ki, Allahın köməyi ilə qiyamət şəfaətçisi və şəhidlər anası həzrət Fatimeyi-Zəhra (ə) tərəfindən qəbul olunar.
Ümidvaram ki, şəhidlərin, əlillərin, əsirlərin və bütün əziz döyüşçülərin xatirələrinin yazılması davam edər və şəhid qadınların xatirələrini də gənclərə çatdıra bilərik.
Seyid Rüqəyyə Azərəng
[1] “Vəsail əl-şiə”, c. 11, səh. 10.
