UCALIĞIN RESEPTİ.
Ümid çiçəkləri solub, saralıb,
Bu eşqdən payızın qoxusu gəlir.
Külək sovurduqca arzularımı,
Sevgim mürgü döyür, yuxusu gəlir.
Sənin sənsizinəm, hər şey xatirə…
Sən adlı bir gerçək yoxdu sabaha.
Daha ümidlərə sığmıram mən də,
Nə də ki, ümidlər qəlbimə, daha…
Günləri yamadım ruhuma, dözdüm!
Dərd, kədər neyləsin? Qəmdən incimə.
Söküldü ruhumun yamaq yerləri,
Yaşaya bilmirəm, məndən incimə.
Görənlər üzülür halıma mənim,
Saçların yaşından qocadır deyir.
Ayağım altına kədər yığmışam,
Kənardan baxanlar ucadır deyir…
