Mədəniyyət və mədəni hücum
1. Bir xalqın mədəniyyəti
Elm, texnologiya və onların şaxələri ilə mədəniyyət arasında fərq var. Bunlar ayrı-ayrı məsələlərdir. Elmin özü mədəniyyətin şaxələrindən olsa da, bir xalqın mədəniyyəti xüsusi mənada, onun təsəvvürlərindən, fikir və düşüncələrindən, əqidə və inamlarından, adət və ənənələrindən ibarətdir. Biz bu baxımdan elm və texnologiyada inkişaf etmiş ölkələrdən nəinki geridə deyilik, hətta öndəyik də. Mən məsələni böyütmək, şişirtmək istəmirəm və qəbul edirəm ki, mədəniyyətin bəzi şaxələrində xarici ölkələr və xüsusən də avropalılar bizdən öndədirlər.
2. “Bir ölkənin və bir xalqın gələcəyində mədəniyyətin təsiri başqa heç bir şeylə müqayisə olunası deyil!”
Mən İslam Respublikası sisteminin ən yüksək orqanlarında bir məsələnin diqqət mərkəzində olmasına israrlıyam. Bu məsələ Mədəniyyətdir. Mədəniyyət məsələsinə diqqətli yanaşma bəzən şəxsi həssaslıqdan doğur, bəzən isə mədəni baxışdan irəli gəlir. Şəxsi həssaslıqların və fərdi meyllərin çox da əhəmiyyəti və dəyəri yoxdur. Əhəmiyyətli olan budur ki, biz görək doğrudan da mədəniyyətin ölkənin taleyində nə təsiri var? Mədəniyyət məsələlərinə diqqət göstərmək, onlara həssaslıqla yanaşmaq hamımızın arzuladığı və çalışdığı gələcəyin qurulmasında hansı rolu ifa edə bilər?
Bizcə, mədəniyyətin ümdə hissəsi bir fərdin, yaxud cəmiyyətin inanc və əxlaq məsələləridir. Bir xalqın ümumi mədəniyyətinin şaxələrindən olan ictimai rəftarlar da bu inanclardan irəli gəlir. Əslində insanın rəftarlarını bu inanclar və əxlaqi məsələlər formalaşdırır. İctimai əxlaq ictimai rəftarları yaradır. Buna əsasən, düzdür ki, mədəniyyət məsələsi bir çox yerlərdə rəftarlara da şamil olur, amma mədəniyyətin kökü və əsası əqidə və inancdan, hər bir insanın dünya həqiqətlərinə baxışından və eləcə də fərdi, ictimai və milli əxlaqdan ibarətdir.
Mən burada bir xalq üçün təyinedici olan bir neçə ictimai və milli əxlaq nümunəsinə toxunmaq istəyirəm; məsələn iradə, milli qürur, özünəinam, böyük addımlar atmağa və quruculuğa iqtidar hissi, nizam-intizam, yorulmazlıq, həmkarlıq və əməkdaşlıq.
Fərz edin əgər imana və əqidəyə malik olan bir xalq bu xüsusiyyətlərə də sahib olsa, məqsəd və amalına çatmaqda ona nə qədər kömək göstərər. Bizcə mədəniyyət məsələsi bir xalqın və bir ölkənin gələcəyinə qoya biləcək təsir baxımından, başqa heç bir şeylə müqayisə olunası deyil. Mədəniyyətin əhəmiyyəti buradan görünür. İnsanın, ölkənin gələcəyindən, onun məqsəd və ideyalarından nigaran olmasına və onlara həssas yanaşmasına səbəb olan amillər mədəniyyət məsələsinə də uyğun yanaşmaya səbəb olacaq. Buna əsasən, mədəniyyətə həssaslıq insanın insaniyyətinə, uca insani məqsədlərə və bizim həqiqətən əldə etmək istədiyimiz, onun üçün çalışdığımız, onun üçün yaşadığımız məsələlərə qarşı həssaslıqdır. Əgər ölkədə zərərli mədəniyyət məhsulları olsa, zərərli düşüncə, zərərli əxlaq, zərərli rəftar, zərərli mədəniyyət vasitələri, zərərli informasiya vasitələri, zərərli kitab və zərərli incəsənət nümunələri olsa və onlar xurafatla, zəhərli düşüncələrlə əqidələri məhv etmək istəsələr, bunlar anti-bəşəri məhsullar sayılacaq. Bəşəriyyəti müdafiə məqsədilə onlarla mübarizə aparmaq lazımdır. Bu sahədə hamı məsuliyyət hiss etməlidir. Bizim mədəniyyətə baxışımız belədir.
