Ön söz
Cənab Əli Şirazinin Hacı Qasim Süleymani ilə ilk tanışlığı 1982-ci ilin baharına qayıdır. O, Rəfsəncanın Kəşkuiyə rayonundan idi, yeniyetməlikdən Qumun kirmanlılar mədrəsəsində hövzə təhsili alırdı. 1979-cu ildə İmam Xomeyninin Bəsicin yaradılmasına dair fərmanından sonra Rəfsəncan Bəsicini yaratmağı özünə vəzifə bilib şəhərin came məscidində fəaliyyətə başladı, Rəfsəncanda, onun rayon və kəndlərində saysız-hesabsız gəncləri hərbi təlimlərə cəlb etdi. Müharibə başlayandan az sonra Rəfsəncan bağlarından birində təlim mərkəzi yaratdı, mərkəzin ilk qrupu 1980-ci ilin noyabrında cəbhəyə yola düşdü.
Gənclər Rəfsəncan Bəsicinin təlim mərkəzindən dəstə-dəstə cəbhəyə yollanır, qayıdanda özləri ilə mənəvi cəbhə ab-havasını gətirirdilər. Şirazi arxa cəbhədə qalmağa dözə bilməyib 1981-ci ilin aprelində Abadan cəbhəsindəki yerlilərinə qoşuldu. O, həmin ilin oktyabrında Quma qayıdıb təhsilini davam etdirmək qərarına gəldi, ancaq dörd ay ötmədən yenə cəbhə həvəsinə düşdü və növbəti ilin fevral ayında Feyziyyə mədrəsəsinin Ruhani Ezamı Komitəsindən Sərpol Zəhabın Əbuzər qarnizonuna göndərildi.
İlk dəfə idi ruhani geyimində cəbhəyə gedirdi. Qarnizonun komandiri Möhsün Hacıbaba idi. Şirazi Əbuzər qarnizonundan Sərpol Zəhaba, nəcəfabadlı uşaqların yerləşdiyi əməliyyat istiqamətlərindən birinə ezam olundu. Orada camaat namazlarına imamlıq və dini çıxışlar etdiyi zaman Möhsün Hacıbabanın istiqamətində hərbi əməliyyat olacağını eşitdi, hucumda iştirak etmək üçün özünü oraya yetirdi. Əməliyyat 1982-ci ilin aprelində başladı. Hacıbaba təxminən yüz döyüşçü ilə düşmənə hücum etdi, əməliyyat bir neçə əsir tutmaqla və çoxlu silah-sursat götürməklə sona çatdı. Həmin günlərdə Fəthülmübin əməliyyatı başlandı. Cənub cəbhəsində iştirak etməyə can atan Əli bu dəfə Tehrana gedib onuncu rayon korpusundan Əhvazın Qolf hərbi bazasına göndərildi, Sarəllah briqadasındakı dost və tanışları vasitəsi ilə bu briqadanın Şəhid Bahünər batalyonuna qoşuldu. Sarəllah briqadası Əhvazın Həmidiyyə bölgəsində düşərgə salmışdı. Beytül-müqəddəs əməliyyatının hazırlıqları zamanı bir gün briqada komandiri Qasim Süleymani şəxsi heyət önündə çıxış etdi. Əli Şirazi Süleymaninin qəhrəmanlıqları barədə hələ Kirmanda eşitmişdi. Həmin gün onu ilk dəfə görür, çıxışını dinləyirdi. Özü deyirdi ki, həmin gün qəlbində ona böyük sevgi yarandı.
Əli Şirazi Xürrəmşəhr əməliyyatında Əli Əkbər Xoşinin başçılıq etdiyi Şəhid Bahünər batalyonunun ruhanisi idi. O, bundan başqa bir neçə əməliyyatda da iştirak etdi. Sarəllah briqadası diviziyaya çevrildi, o da yavaş-yavaş batalyondan briqadaya keçdi. Əli irəlilədikcə Hacı Qasimə hörməti daha çoxalır və ona daha yaxınlaşırdı. Əgər əvvəllər onun çıxışını dinləyirdisə, sonralar bəzən ikisi birlikdə görüşüb danışırdılar. Lakin Əli Hacı Qasimə daha da yaxın olmaq istəyirdi. Bu isə 1986-cı ilin 21 martında həyata keçdi. Hacı Qasim diviziyanın təbliğat işlərinə rəhbərliyi ona təklif etdi. Ondan sonra Şirazi diviziyanın Təbliğat rəisi kimi Hacı Qasim Süleymani ilə yaxın münasibətdə olurdu. O, müharibənin sonuna qədər Hacı Qasimin çoxsaylı qələbələrinə yaxından şahid olmuş, vəfalı dostlarının şəhadəti zamanı ürək yanğısını və göz yaşlarını görmüşdü. Bu ürək yanğıları isə onun ömrünün sonuna qədər soyumayacaqdı.
Aralarındakı yaxın münasibət müharibə-dən sonra da davam etdi. Hacı Qasim Şiraziyə tapşırmışdı ki, müharibədən qayıdan şəxsi heyətlə etiqadi iş üçün Qumda bir yer hazırlasın. O, müharibədən sonra məqsədyönlü tədbirlərlə korpus qüvvələrinin yüksək mənəviyyatını qorumaq istəyirdi.
Əli Şirazi 2003-cü ilin əvvəllərində Fəqih Rəhbərin korpusun Hərbi Dəniz Qüvvələrin-dəki nümayəndəsi vəzifəsinə təyin edildi. Onun general Süleymani ilə əlaqəsi şəhidlərə və müharibə xatirələrinə dair proqramlarla davam edirdi. 2011-ci ilin yayında Höccətül-İslam Əli Şirazi general Süleymaninin təklifi ilə Fəqih Rəhbərin Qüds qüvvələrindəki nümayəndəliyinə başçılıq etməyə başladı.
Ağa Şirazi bu vəzifədə çalışarkən səkkiz il Qasim Süleymaninin yanında olmuşdur. O, müharibə zamanı olduğu kimi, bu illərdə də özünü Hacı Qasimin əsgəri hesab edirdi.
Böyük Şəhid Hacı Qasim Süleymaninin saysız-hesabsız dostlarının hər biri onu müəyyən qədər tanıyır. Höccətül-İslam Əli Şirazi bu kitabda onunla 38 illik dostluğuna nəzər salmışdır.
Qarşınızdakı kitab Şirazi ilə on doqquz saatlıq söhbətin nəticəsidir. Kitabda onun bəzi əlyazma və qeydlərindən də istifadə olunmuşdur. Əməkdaşlığına görə hörmətli Əli Şiraziyə, tövsiyələrinə görə qədim dostum və müəllimim Mürtəza Sərhəngiyə və bu kitabın ərsəyə gəlməsində əməyi keçmiş bütün əzizlərə minnətdarlığımı bildirirəm.
Səid Əllamian
Dekabr 2020