Əxlaq sözü ərəb dilində “xulq” və ya “xuluq” sözlərinin cəmi olub xislətlər
anlamına gəlir, əxlaq elmi bir elm olaraq insanın xislət və xüsusiyyətlərini, mənfi vəya müsbət cəhətlərini araşdırır. İlk baxışda əxlaq konkret bir din, məzhəb, əqidə ilə bağlı deyil. Belə ki, düşünən insan özünü tanımağa başladığı ilk mərhələdə özü və öz həmcinsləri, daha sonra isə digər varlıqlarla davranışı barədə düşünür. Buna görə də əxlaq elmi bəşəriyyətin ən qədim elm sahələrindən biridir. İnsanın müsbət və mənfi cəhətləri ilə bağlı hələ ən qədim dövrlərdən bu günümüzə qədər gəlib çatmış elmi əsər və düşüncə formaları, qədim Yunan və qədim İran mədəniyyətlərindən indiki dövrümüzə gəlib çatmış mədəniyyət təzahürləri də insanların bu elmə nə dərəcədə
böyük əhəmiyyət verməsindən xəbər verir. Heyvanların və bitkilərin dilindən nəql edilmiş əfsanələr, hekayələr, ibrətamiz nəsihətlər, yaxud xeyirlə şərin, pisliklərlə yaxşılıqların, pərilərlə divlərin qarşılığı – bütün bunların hamısı insanların qədim dövrlərdən bəri əxlaqa böyük önəm verdiyini göstərir. İnsan həmişə xeyri şərdən, xoşbəxtliyi bədbəxtlikdən və ən əsası, yaxşını pisdən ayırd etməyə can atmışdır. Təbii ki, onun bu təyini dünya həyatındakı öz şəxsi düşüncələrinə əsaslanır. Misal üçün əgər insan bu həyata yalnız maddi nöqteyi-nəzərdən yanaşarsa, onda əxlaq baxımından onun diqqəti “ləzzət” və “qüdrət” səmtinə yönələcək, əlinə düşən hər fürsətdən öz şəxsi mənafeyi üçün istifadə etməyə çalışacaq, yalnız özünü düşünərək nəfsini doyuzdurmağı əsas hədəfi təyin edəcək.
Hicrətin on birinci əsrində (miladi on səkkizinci əsrdə) böyük alim Molla Möhsün Feyz Kaşani Əbu Hamid Qəzalinin “Ehyaul-ülum” əsərini geniş şəkildə şərh edib nöqsanlarını aradan qaldıraraq “Muhəccətul-beyza fil təhzibil-ehya” adı altında İslam cəmiyyətinə təqdim etmişdir. Bu əsər əxlaq sahəsində yazılmış əsərlər arasında əhəmiyyətinə görə ən önəmlilərdən biri olmuşdur. Ondan sonra əxlaq sahəsinə aid onlarla alim müxtəlif əsərlər yazsalar da, Ayətullah Molla Məhəmmədmehdi Nəraqinin (1795-ci ildə vəfat etmişdir) “Camius-səadət” (Səadətlər toplusu) əsəri xüsusi əhəmiyyət kəsb etmişdir. Hədis, təfsir, fiqh, hikmət, əxlaq, irfan, riyaziyyat və astronomiya sahələrinin gözəl bilicisi olmuş müəllif öz elmi universallığının köməyi
ilə adı çəkilən kitabı yazıb ərsəyə gətirməyə nail olmuşdur. Demək olar ki, bu vaxtadək əxlaq elmi ilə bağlı yazılmış kitabların heç biri ona çata bilməmişdir. Müəllifin oğlu Ayətullah Molla Əhməd Nəraqi (1829-cu ildə vəfat etmişdir) də atası kimi dini-dünyəvi elmləri əxz etməklə dövrünün sayılıb-seçilən ən mötəbər
alimlərindən birinə çevrilmişdir. O, Rusiya ilə İran arasında baş vermiş döyüşlərdə iştirak etmiş, xüsusilə də 1825-ci ildə ruslara qarşı cihad etməyin vacib olduğu barədə fətva verərək özü də şəxsən digər müctəhidlərlə birlikdə Qafqazda gedən döyüşlərdə bilavasitə iştirak etməklə müsəlmanların namusu uğrunda mübarizə aparmışdır. Ayətullah Molla Əhməd Nəraqi mərhum atası Ayətullah Molla Məhəmmədmehdi Nəraqinin yazdığı “Camiüs-səaət” əsərini ərəb dilindən fars dilinə tərcümə etməklə
yanaşı, onu nisbətən xülasə etmiş, eyni zamanda bəzi əlavələr də artıraraq “Meracus-səadət” (Səadət zirvəsində) adlı yeni bir əsəri bəşəriyyətin elmi-mədəni irsinə təqdim etmişdir. Əxlaq elminin keçdiyi böyük inkişaf mərhələləri barədəki qısa ekskursa və bu sahədə yazılmış əsərlərə istinadən qətiyyətlə deyə bilərik ki, çox dəyərli “Meracus-səadət” (Səadət zirvəsində) əsəri əxlaq haqqında yazılmış ən gözəl və dolğun kitablardan biridir. Əhəmiyyətinə görə bu sahədə olan bir çox kitabları üstələyən bu kitab yazıldığı gündən bəri dini alimlərin və mömin insanların əlindən yerə düşməmişdir. Sevindirici haldır ki, hazırda bu kitab hörmətli tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə edilərək cəmiyyətin ixtiyarına buraxılmışdır ki, inşallah Azərbaycan Respublikasının müsəlman camaatı da bu mənəviyyat süfrəsindən qidalanaraq öz ruhunu Quran maarifi və Əhli-beyt əxlaqı ilə təmizləyib Allah-taalanın istədiyi gözəl əxlaqa yiyələnsin.
Seyid Əli Əkbər Ocaqnejad.
18 səfər, 1433-cü il (h.q)
Çox təşəkkür edirəm.Yükləmək istəyənlər üçün qeyd edim ki,kitab 488 mbdir)