Müsafirin hökmləri mükəlləfin səfərlərində onun şəri vətəndən uzaqlaşması və ona məxsus şəraitlər nəticəsində sadir olan mühüm hökmlərdəndir ki, səfər edən şəxsin şəri vəzifəsini bəyan edir. Bu arada texnologiyanın inkişafı nəticəsində səfərlə bağlı müxtəlif peşələrin meydana gəlməsi səfərə aid müxtəlif yeni hökmlərin və fətvaların yaranmasına səbəb olubdur. Buna görə də müsafirin hökmlərini, o cümlədən, müctəhidlərin bu barədə olan xüsusilə yeni fətvalarını ayrıca bir topluda toplamaq İslam yolunda, o cümlədən dindarlar üçün öz şəri vəzifələrinə əməl etmək yolunda böyük bir xidmət hesabedilir. Bu mühüm iş İslam elmləri üzrə ali rütbəli və Azərbaycan məntəqəsinin dini alim və ziyalılarından sayılan hörmətli Eldar Əlihüseynzadənin vasitəsilə həyata keçdi. Qarşınızdakı bu kitab hazırkı dövrün üç böyük cameüş-şərait müctəhidinin (Ayətullah Hacı Seyid Əli Xamenei, Ayətullah Hacı Şeyx Nasir Məkarim Şirazi və Ayətullah Hacı Seyid Əli Sistaninin – Allah onların ömrünü davamlı etsin) fətvalarının toplusudur. Müəllif bu kitabda adı çəkilən müctəhidlərin (müsafirin hökmləri ilə bağlı) fətvalarını, o cümlədən, bu barədə yeni
ərsəyə gələn fətvaları toplmaqla yanaşı, onları təhlil etmiş və bu məsələlərdə olan fikir ayrılıqlarını da bəyan etmişdir. Həqiqətən və insafən, belə bir fətva toplusunu ərsəyə gətirmək müəllifin İslam elmlərinə dair kamil bilgilərə və ətraflı məlumata malik olmasının göstəricisidir. Həmçinin onun Qum və Nəcəf hövzələrində üstün elmi məqamı və mənəvi üstünlüyü, cəmiyyətin mədəni, ictimai və siyasi məsələlərindən kifayət qədər agahlığı və bu zəmində uzaqgörənliyi, əxlaqi keyfiyyəti və digər xüsusi dəyər göstəriciləri təqdirəlayiqdir. Ümidvarıq ki, bu əsərin nəşri və yayılması ilə Azərbaycan mömin və dindarları öz şəri və dini vəzifələrinə daha çox agah olacaq və Mütəal Allah dərgahında ilahi hökmlərə əməl edənlərdan hesab ediləcəklər.