Əsrlər boyu insanların xaliqi olan Allah tərəfindən onların hidayəti üçün
müəyyən şəxslər göndərilmiş və bəşər övladına insaniyyət yolunu göstərmək,
onların yatmış fitrətini oyatmaq üçün məmur edilmişlər. Həzrət Adəm, Musa,
Nuh, İbrahim, İsa, Məhəmməd (səlləllahu ələyhi və Alihi və səlləm) və s.. kimi
peyğəmbərlər bu qəbildən olan ilahi elçilərdir. İnsanın yaranması ilə başlanan peyğəmbərlər silsiləsi İslam dininin banisi həzrət Məhəmmədlə (s) sona yetmişdir. Həzrət Mühəmmədin (s) gətirdiyi din özündən öncə gəlmiş şəriətlərdən fərqli olaraq müvəqqəti və ötəri bir dövran üçün deyil, dünyanın sonunadək qalan müddət üçün nəzərdə tutulmuşdur. İslam dininin dəyərli göstəriş və təlimləri sair din və şəriətlərdən daha kamil olub insanların irqindən, milliyyətindən və mədəniyyətindən asılı olmayaraq hamı üçün Qiyamətə qədər qayıdış yeri olacaqdır. Bu gün müxtəlif xalqlar və məktəblərdən olan insanların böyük şövqlə müqəddəs İslam dininə üz tutub gəlməsi bizim sözümüzə canlı sübutdur. İnsanlara gəldikdikdə isə deməliyik ki, onları din və mənəviyyatdan ayrı saxlamaq susuz insanı sərin sudan ayırmaq qədər əsassız bir işdir. Beləliklə, susuz insan necə olursa-olsun özünü suya çatdırıb ondan bəhrələnəcəyi kimi, din və mənəviyyatdan ayrı saxlanılan insan da bir gün məhdudiyyətlərdən azad olub, ona üz gətirəcəkdir. Çünki mənəviyyat insan
həyatını təşkil edən əsas amillərdən biri sayılır və heç vaxt onu insan həyatından ayırmaq mümkün deyildir. Bir çox müsəlman ölkələrinə hakim olan ateist əhval ruhiyyəsi 75 ilə yaxın ömür sürə bilsə də dağılıb aradan gedən kimi müsəlman xalqlarının bir daha böyük həvəslə İslam dininə üz gətirməsinin şahidi olduq. Əziz müsəlman bacı və qardaşlar, sizə təqdim etdiyimiz bu kitabçada hər bir müsəlmanın bilməsi və əməli şəkildə həyata keçirməsi vacib olan məsələləri qısa şəkildə nəzərinizə çatdırırıq.