İmam Əlinin (əleyhis-salam) səmanın və yerin yaradılışının, Adəmin xilqətinin başlanğıcının xatırlandığı xütbələrindəndir. Bütün danışanların mədh etməkdə və öyməkdə aciz qaldığı Allaha həmd olsun! Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər. Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər. O, elə bir mə’buddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər. (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?) O, elə bir
mə’buddur ki, sifətlərini əhatə edə bilən hüdud yoxdur. (Onun heç bir sifəti zatına əlavə deyil ki, məhdud olsun.) Nə də Onun mövcud və sabit (Onda məhdudlaşan, özəlləşən və Onun bütün sifətlərini əhatə edən) sifəti vardır. Onun üçün müəyyən
edilmiş zaman da yoxdur. Nə də Onun üçün uzun müddət vardır. Məxluqatı Öz qüdrəti ilə yaratdı.Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi. Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi. Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin
kamalı tovhid və Onu tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir. İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir. Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir. Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. (Buna görə də) Allahı vəsf edən (Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə) Onun üçün hər hansı bir bənzər və tay bilmiş, («vacib-ülvücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar).