ÖVSAFÜL-ƏŞRAF (ŞƏRAFƏTLİ İNSANLARIN XÜSUSİYYƏTLƏRİ)

Uzun illər boyu “Övsafül-Əşraf” kitabı görkəmli alimlər tərəfindən tədqiq edilmiş və yeri gəldikcə bir çox dünya dillərinə tərcümə olunmuşdur. Günümüzə qədər gəlib çatmış əlyazma nümunələri, həmin nüsxələrdə olan fərqlər qeyd olunan işləri dərinləşdirmiş və bu tədqiqatların nəticəsi olaraq, kitabın əsas hissələri demək olar ki, dəqiqləşmişdir. Üzərində tədqiqat işləri aparılan və əksər alimlərin diqqətini cəlb edən nümunələrdən biri də görkəmli alim Seyyid Mehdi Şəmsəddinin 1990-cı ildə nəşr etdiyi nüsxədir. Bu tərcümə də məhz həmin nüsxə əsasında hazırlanmışdır.

Tərcümədə XІІІ əsr nəsr nümunəsi olan “Övsafül-Əşraf” əsərinin özünəməxsus “ruhu və koloriti” mümkün qədər qorunub saxlanılmış, bu məqsədlə müəllifin öz orjinal üslubuna xələl gəlməsin deyə, bəzi ifadə və terminlər olduğu kimi verilmiş, mətndə fikri tamamlamağa ehtiyac duyulan yerlərdə isə böyük mötərizələr daxilində tamamlayıcı tərkiblərdən istifadə edilmişdir. Əlavə olaraq bəzi söz və ifadələrin kənarına açıqlama və tərcümə xarakteri daşıyan, kiçik mötərizələr daxilində isə qeydlər artırılmışdır. Məsləhət görülən bəzi ifadə və terminlərin izahı, həmçinin çıxarışlar mətnin altında verilmişdir.

Qeyd etmək lazımdır ki, bu kitab ümumi oxucu kütləsi üçün deyil, klassik ədəbiyyat və dini maariflə yaxından tanış olanlar üçün nəzərdə tutulub.

Kitabın əsas hissəsini təşkil edən elmi, əxlaqi, irfani və fəlsəfi məfhumların izah və açıqlamaya ehtiyacı var.

Bu kitabdan tam yararlanmaq üçün onun məna və məzmununa əhatəli şəkildə varid olan müəllimə (əxlaq ustadı) ehtiyac var.

Kitabın klassik Azərbaycan nəsrinə məxsus bir üslubda tərcümə olunması mütərcimin zəifliyini yox, onun bu sahədə xüsusi istedad və bacarığa malik olduğunu göstərir. Müasir dilçilik sahəsində kifayət qədər məlumat və təcrübəsi olan qələm sahibi üçün klassik üslubda tərcümə və digər yaradıcılıq işinin nə qədər çətin olmasını ədəbiyyatşünaslar çox gözəl başa düşürlər.

Klassik üslubun dirçəldilməsi, müasir oxucuların izafi tərkibli yazı formaları ilə tanışlığı müxtəlif sahələrdə yazılmış, arxivlərdə və kitabxanalarda saxlanılan zəngin ədəbi irsimizin orjinal nüsxələrdən oxunmasına da şərait yaradır.

Belə bir əsərin dilimizə çevrilərək, həqiqət axtarışında olan müdrik oxuculara təqdim edilməsi bir neçə cəhətdən təqdirəlayiqdir:

Birincisi, sələflərimizin gənc nəslə tanıtdırılması, dahi şəxsiyyətlərimizin müasir cəmiyyətimizə yeni təqdimatı günümüzün ən zəruri məsələlərindəndir.

İkincisi, özünəməxsus ideoloji donuqluğa məxsus olan sovetlər rejimini yaşamış ölkəmizdə korifeylərin qiymətli əsərlərinin yenidən işlənib hazırlanması da öz zəngin elmi-mənəvi irsimizə qovuşmaq hesab olunur.

Üçüncüsü, müxtəlif əqidə və fikirlərin xalqımızın üzərinə hücuma keçdiyi bir dövrdə öz əsilliyimizi qorumamızda, mürtəce məzhəblərin bütün inanclarımızı sual altına aldığı bir şəraitdə öz ayinlərimizi yaşatmamızda bu kimi əsərlərin faydası danılmazdır.

Dördüncüsü, öz kökündən ayrı salınmış bir xalqın məqsədyönlü şəkildə cılızlaşdırıldığı bir dönəmdə, özü üçün əcnəbi örnək axtaran böhranlı bir cəmiyyətə onun bəşəriyyət üçün nümunə ola biləcək xacələrini həyata qaytarmaq ən böyük xidmətlərdəndir.

Naşirdən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button