
Müqəddimə
Ananın dili ilə:
Seyid Həsənqulunun on üçüncü övladının çığırtısı Behbahan şəhərinin mərkəzi xəstəxanasını bürüdü. Bu dəfə oğlan idi. Bağrıma basıb, zərif və məsum simasına nəzər saldım. Dedim: “Əgər Allah istəsə və ömür versə, adını Bəhmən qoyaram!”
Mənim kimisi üçün dünyaya gələndən sonra ilk günlərdə və ya bir-iki ay sonra neçə övladını itirənə bunu demək elə də asan deyildi. Elə əvvəldən ürəyimi üşütmə tutdu ki, olmaya, Bəhmənin də ömrü qısa olacaq.
Xəstəxanadan kəndə qayıtdıq. Humacanla uşaqlar bizi qarşılamağa çıxmışdılar. Bizi həyəcanla dövrəyə alıb, önümüzdə qoyun qurban kəsdilər. Körpə öz doğma və ögey bacı-qardaşları arasında əldən-ələ ötürülməyə başladı…
Beş qızım vardı. Seyid Quluxanla keçən ömrümün on beş illiyində həyatımıza Humacanın da ayağı açıldı. O zaman adət üzrə oğul övladı olmayana, məxsusən, mal-dövlətli bir kişiyə böyük eyib sayılırdı. Humacan məndən əvvəl yoldaşıma oğlan dünyaya gətirmişdi.
Sahibcan, Munijə, Raziyə, Zeynəb və Məryəm məni dövrəyə almışdılar və Musa da bir kənarda əyləşmişdi. Bəhmənin gəlişi ilə dünya gözümdə dəyişməyə başladı. Əllərimi göyə qaldırıb dedim: “İlahi, sənə şükür!” Allah anam Huricana rəhmət eləsin, bizi elə tərbiyə eləmişdi ki, həyatın isti-soyuğu ilə uyuşaq. Mən də bişmişdim və dözürdüm. Bəlkə də bu səbrə görə Allah beş qız övladından sonra mənə iki oğul nəsib eləmişdi. Artıq Bəhmənin təvəllüdündən neçə gün keçirdi və Allahın lütfü ilə onda bir xəstəlikdən əsər-əlamət görünmürdü. Onun ömrü artdıqca, mənim də nigarançılığım yavaş-yavaş azalırdı. Artıq əmin olurdum ki, Allah Bəhməni mənə bəxş edib və o, yaşayacaq. Onun gəlişi ilə həm mən arzuma çatdım, həm də dil yarası və kinayələrə son qoyuldu. Daha neçə illərin dərdindən sonra indi beş qız və bir oğlana sahib idim. Hamı deyirdi ki, Bəhmənin ömrü uzun olacaq. Mənsə fikirləşirdim ki, gələcəkdən yalnız Allah xəbərdardır.
Bəhmənin təvəllüdündən bir ay sonra Həsənqulu ona doğum haqda arayış almaq üçün Behbahanın notariusuna müraciət etdi. Orada uşağa Bəhmən adı qoyulduğunu bildirdikdə, idarə işçisi dedi: “Bəhmən adı olmaz, başqa bir ad seçin!” Nə qədər israr etsə də nəticəsi olmadı və nəhayət, adını Əsğər qoydu. Oğlum 1986-cı il fevral ayının 11-də dünyaya gəldiyindən vaxtında məktəbə gedə bilməyi üçün təvəllüdünü sentyabr ayına qeyd etdilər. Bu neçə həftə ərzində Bəhmən adına öyrəşdiyimizdən Əsğər adı bizə bir az qəribə gəlirdi. Dedim ki, hər halda mən uşağımı Bəhmən çağıracağam.
İki hektar həyətyanı sahəmiz vardı. Əvvəllər Humacanla mən palçıqdan tikilmiş iki otaqlı evdə birgə yaşayardıq. Amma sonralar seyid Həsənqulu hər birimizə ayrıca kərpicdən iki otaqlı ev tikdi. Hərəmiz evimizi öz zövqümüzlə idarə edir və güzəranımızı keçirirdik. Bu da uşaqların ürəyincə idi. Belə ki, hansı biri öz evində yeməyi xoşlamazdısa, o birisi evə yüyürər və onların süfrəsinə qonaq olardı. Mənim uşaqlarım Humacana Əkbərin anası, onun uşaqları isə mənə Nənə deyərdilər. Hər gün uşaqlar iki evdən gələn xörəyin iyi ilə hər iki ev arasında o tərəf-bu tərəfə vurnuxur, şirin və qayğısız bir dövran keçirirdilər.
Oktyabr ayı gəlib çatdı və hər il bu vaxt köç mövsümü idi. Bu ərəfədə hədsiz istiyə və yaşıllıqdan bir əsər qalmadığına görə Qalahəmudda yaşayış çətinləşirdi və bahara kimi yaylağa köçməli olurduq. Yaylaqda isə hava sərin keçir, heyvanlara da kifayət qədər ot-ələf tapılırdı. Ümidiyyə məntəqəsinin əksər kənd sakinləri bu fəsildə öz ətrafında yerləşən yaylaqlara köçərdilər. Humacanla mən növbə ilə köçə gedərdik və bu dəfə mənim növbəm idi.
Şələ-küləmizi yığıb heyvanların belinə yüklədik. Özüm də Bəhməni şalla belimə bağlayıb yola hazırlaşdım. Həsənqulu da “Haydı, ya Əli deyin, yola düşək! Tərpənin, gün çıxdı ha!…” – səslənməyə başladı. Çubuğu əlimə alıb, qoyunları qabağıma qatdım və uşaqlar da arxamca yola düşdülər. Binəyə kimi 5 km məsafə var idi. Bu məsafə zahirdə az görünsə də 300 baş qoyunu oğul-uşaqla birgə ora çatdırmaq Həsənquluya çətin idi.
Artıq neçə saatdan sonra gəlib dağın ətəyinə yetişdik. Münasib yerdə yüklərimizi boşaltdıqdan sonraə xalça-palaz sərib, çadır qurduq. Uşağı belimdən açıb, çadırın bir küncündə yatızdırdım. Mənə elə gəldi ki, bu il yaylağın havası daha səfalıdır. Uşağın kənarında bir az dincəlmək üçün əyləşdim. Nəcib çöhrəsinə bir az tamaşa edəndən sonra alnından öpüb, qulağına zümzümə edərək dedim: “Bala, mənim baharım sənsən!”
