
Birinci fəsil
Bir neçə gün öncədən birlik idarəsində müharibə, cəbhəyə getmək və cihad söhbəti düşəndən özümlə əlbəyaxa idim. Qarajda gəzərək öz-özümə düşünürdüm. Bəzən metalların tak-tuk səsi ilə, şagirdlərimin səsi məni fikrimdən yayındırırdı. Sakit və başlarını aşağı salıb işləsinlər deyə, gözlərimi bərəldib onlara baxırdım. O dəqiqə başa düşürdülər ki, daha çox və daha yaxşı işləməlidirlər. Bunu anlamaq özlərinə də faydalı olur, dərhal nə demək istədiyimi başa düşürdülər. Müştərilərin xarab maşınlarının üstünə düşüb təmir etməyə çalışırdılar. Uşaqlıqdan belə idim. Özüm də, çox işləmişəm. Olduqca çox pul qazanmışam və artıq kiminsə az işləməsinə, gec gəlməsinə, tez getmək istəməsinə və ya camaatın işini yubatmasına göz yuma bilmirdim.
Səmaya baxdım. Günəş səmanın görünməz tavanından asılıb parıldayırdı. Amma nə qədər özünə əziyyət versə də, daha yay fəslindəki kimi onun əlindən kölgəyə qaçmaq məcburiyyətində deyildim. Artıq sentyabr günəşinin heybəti itmişdi və rahat şəkildə altında uzanmaq olurdu.
Gəzişərək düşünüb, öz-özümə deyirdim: “İlahi! Həyat yoldaşım və 4 uşağım var! Rzanın 13 yaşı təzə tamam olub. Hüseynin hələ 10 yaşı var. Axı heç biri kişi olmayıb. Munir də təzə həddi-büluğa çatıb. Nərgiz… O, hələ 40 günlükdür! Bu dörd uşağı analarının yanında qoyub hara gedim?!”
Həyat səhifələri gözlərimin önündə əsən küləyin yumuşaqlığı kimi, vərəq-vərəq çevrilirdikcə, öz uşaqlıq günlərim yadıma düşürdü. Beş yaşım olanda anam məni məktəbxanaya (indiki mədrəsəyə) göndərmək istəyirdi. Atam isə deyirdi: “Zəhra xanım! İstəyirəm ki, yeganə oğlum ad-sanımın varisi olub, işgüzar və zəhmətkeş bir kişi olsun”. Sonra da, mənə baxıb deyirdi: “Oğlum! Sən gələcəkdə atanın üzünü ağ edib, böyük işlər görməlisən”.
Bilmirəm hansı səbəbdən atam – məndən böyük olan üç bacım və məndən kiçik olan digər bacımla işi yox idi – yalnız məndən istəyirdi ki, böyük işlər görüm?! Böyük işlər…
