
Yolçu
“Necə oldu ki, mənimlə həmyaşıd olan Kərim və Dostəli cəbhəyə gedə bildilər, mənsə qəbul olmadım?! Nə üçün bu yay bitmək bilmir?!” Həmin gecə həyatımın ən isti gecələrindən biri idi. Yox, hava isti deyildi, təsadüfən, səmada bir neçə bulud parçası da var idi, lakin yatağımda çevrilir, nə edəcəyimi bilmirdim. Məni Bəsicin qərargahından əliboş qaytardıqlarına inana bilmirdim. Yəni yenə küçə, məktəb və məscidlə kifayətlənməliyəm, işim yalnız gecələr küçələrdə keşik çəkməkdən və «işıqları söndürün» deməkdən ibarət olacaq?! Gecəni səhərə qədər yata bilmədim, kimsəyə də demədim ki, mən sinif imtahanı kimi Bəsicin imtahanından da kəsildim.
– Qalxın yuxarı, vəsiyyətnamənizi yazın…
Özümü zorla saxlayıb hisslərimi büruzə vermədim. Həmin qərarsız gecədən iki gün sonra doğum tarixini dəyişdirdiyim kimliyimin surətini apardım. Bir gecənin içində böyümək necə gözəl imiş! Bəsicin işçisi gözlərindən «sən deyəsən, bir neçə gün qabaq da gəlmişdin və…» deyirmiş kimi görünsə də, heç nə deməyib adımı yazdı, sənədlərimi aldı və ilk dəfə olaraq, mənə də vəsiyyətnamə yazmaq tapşırıldı. Qırmızı qələmimi ovcumda sıxdım. Qanla vəsiyyət əlaməti olaraq, qırmızı rəngdə yazmaq istəyirdim, amma yazacağım kağızın ağlığı qarşısında özümü itirdim. Ömrümdə ilk dəfə ölüm haqda ciddi düşünürdüm. O vaxta qədər oxuduğum şəhid vəsiyyətnamələrini xatırladım. «Bismillahir-Rəhmanir-Rəhim» yazdım və davamı yaxşı gəldi.
Qırmızı vəsiyyətnaməmi imzalayıb təhvil verdim. Onlar da qarşılığında mənə bir dəst bozumtul-yaşıl Bəsic forması verdilər və cəbhəyə ezam tariximi söylədilər. Başqa bir iş qalmamışdı. Öncədən Şərbətzadə məscidində keçdiyimiz sadə hərbi dərslərə əsasən, təlim keçdiyimi bildirdim və qəbul etdilər. Tez bayıra çıxdım.
Məhəlləmizə çatanda birbaş məscidə getdim. Məscidimizin Müqavimət mərkəzi şəhər məscidlərində qurulmuş altıncı mərkəz idi. Əvvəllər məsciddən və məhəlləmizdən şəhid vermədiyimizə görə adı Şərbətzadə məscidinin 6 saylı Müqavimət mərkəzi kimi qalmışdı. Müharibə başlayandan sonra günümüz orada keçirdi.
Axşam düşəndə qədim məhəlləmizin küçələrində keşik çəkir və düşmənin hava hücumlarını xatırladıb qışqırırdıq: «Söndür! Söndür!»
Müqavimət mərkəzimizin uşaqları hərbi formamı görüb məsələni başa düşdülər. Elə kimliyimdə doğum tarixini dəyişdirməyi də onlar öyrətmişdilər. Paltarları məscidə qoydum. Çalışırdım ki, cəbhəyə gedənə qədər evdə heç kim bundan xəbər tutmasın.
1981-ci ilin yayının son günlərindən biri mənim cəbhəyə ezam günüm idi. Əvvəlcə məscidə getdim. Uşaqlardan bir neçəsi də həmin qrupla cəbhəyə gedəcəkdi. Bəzi dostlarımla sağollaşanda deyirdim: «Eybi yox, uşaqlar, inşallah, sizin işiniz də düzələr. Növbəti görüşümüz qalsın ön xəttə!»
– Hara?! Çıx bayıra görək…
Qardaşım Həsənin güclü qolu məni minik sırasından çıxardı. Cəbhənin bütün həvəs və həyəcanı bir anda yox oldu. Sakit və məəttəl halda qardaşımın ezam bölməsinin sədri ilə mübahisəsinə baxırdım: «Bu, uşaqdır, böyüklərinin icazəsi olmadan onu haraya göndərirsiniz?!»
Xəcalətimdən ölür, dayanmadan ürəyimdə deyirdim: «Heyf əynimdəki paltardan!» Qardaşım qolumdan tutub arxasınca dartanda isə ağlamağa başladım. Bütün yolboyu ayaqlarım yerlə süründü, həyətə girəndən sonra qapı arxamca bağlandı və yerdə oturub o ki var ağladım.
