ŞƏHADƏT YATAĞINDA MÖVLANIN (Ə) ÖYÜDÜ

NAŞİRİN MÜQƏDDİMƏSİ

Böyük bir insan şəhadət yatağında! Onun uca ruhu torpaq tənindən ayrılmaqda, ərşi-əlaya pərvaz etməkdədir. Bəsirəti kor cahillər onun başına bir zərbə endirib nurani simasını al qanına boyadılar. Bu böyük insan Əli ibn Əbi Talib Əmirəl-möminin (ə), bütün insanlıq fəzilətlərinin, o cümlədən təqva, ədalət, zöhd, şücaət, isar, kəramət, azadlıq səciyyələrinin nümunəsi idi. Şiə və sünni məzhəblərinin mötəbər mənbələrinə əsasən həzrət Peyğəmbər (s) onun haqqında buyurur: «Əli həqiqətlədir, həqiqət Əli ilə! Əli haradadırsa, haqq da oradadır!»[1]

Artıq bu hidayət günəşi, parlaq həqiqət məşəli şəhadət yatağındadır. O cananla vüsal intizarındadır. Övladları, yaxınlarından bir neçəsi və dostları gözüyaşlı, qəlbidağlı vəziyyətdə onu dövrəyə almışdır. Tarixin böyük qəhrəmanı Əli (ə) cahil İbn-Mülcəmin zəhərli qılınc zərbəsindən zəifləmiş, huşunu itirmiş vəziyyətdə qalmışdır. Bəzən son gücünü toplayıb bir anlıq gözünü açır, pərvanə tək ətrafına toplananlara, əzizlərinə və dostlarına vəsiyyətlərini edir. Böyük ilahi rəhbər, məsum imamın öz dostlarına və ətrafındakılara deyəcəyi sözlər çox mühümdür.

Əgər həmin vəsiyyətlər qeyd olunmasaydı, bu gün həzrətin ömrünün son anlarında nə dediyi çox maraqlı görünərdi. Təəssüf edərdik ki, nə üçün bu dəyərli sözlərdən xəbərsiz qalmışıq. Amma bəxtimizdən bu vəsiyyətlər çox dəyərli xəzinələr ünvanında qeydə alınmış, həzrətin ağzından çıxan sözlər onun yatağı ətrafında toplaşanların yaddaşında qeyd olunmuşdur; bu dəyərli miras hazırda ixtiyarımızdadır. Onu yetərincə dəyərləndirib lazımınca bəhrələnmək özümüzdən asılıdır.

Bu məcmuəni öncə müttəqilər ağasının nurani hüzuruna, sonra bütün onu sevənlərə hədiyyə edirik. Ümid edirik ki, Allah-təala hər birimizi mövlanın həqiqi ardıcıllarından qərar verəcək, həzrətin aşiqləri zümrəsində məhşur edəcək.


[1] Bax: “Biharul-Ənvar”, c.38, s.29; “Səhihi-Termizi”, c.5, s.633; “Mustədrəki-Hakim Nişapuri”, c.3, hədis 124.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button