SACİ

Birinci fəsil

Anamla mənim həyatım bir-birinə çox oxşayır. Anam – Səkinə xanım uşaqlıq və gənclik dövrlərində çətin günlər yaşamış, başı çox müsibətlər çəkmiş, sonda xoşbəxt ailə həyatı qurmuşdu. Atam gəmidə çalışdığından çox vaxt günü dənizdə keçirdi. Sahildə olduğu zaman isə Həffar Berim[1](Qeyd) limanında lövbər salan xarici gəmilərin təsərrüfat işlərinə rəhbərlik edirdi.

Atam çox yaraşıqlı, mehriban və savadlı bir insan idi. Fars dilindən əlavə bir neçə xarici dildə, xüsusilə ingilis dilində yaxşı danışırdı. Anam atamı çox sevirdi, onunla qürur hissi duyurdu. Amma bu xoşbəxtlik uzun sürmədi. Atam cavan ikən bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi. Onun ölümü hamımız üçün ağrılı-acılı oldu; illərdən sonra həyat yoldaşımın ölümü kimi.

Bəhmən də atam kimi yaraşıqlı, mehriban və savadlı idi. Onu hələ uşaqlıq dövründən çox sevirdim, yeniyetməlik yaşına çatdıqda isə ona aşiq olduğumu hiss etdim. Bir neçə ildən sonra ailə həyatı qurduq. Onunla birgə xoşbəxt həyat sürürdüm. Hətta göydən başımıza yağan od yağışı və bombaların altında belə, hara gedirdisə, mən də onun arxasınca qaçırdım. Bu xoşbəxtlik də uzun sürmədi. Bəhmən də atam kimi cavan yaşında dünyasını dəyişdi.

Yazıq anam bu acı hadisələr üzündən, sağlığında yalnız mənim və balalarımın həyatını qurmaqla məşğul idi. O, eşqin nə olduğunu yaxşı bilirdi. Ailəsini, həyatını çox sevirdi. Atasının və həyat yoldaşının vurğunu idi. Sonralar isə bütün varlığını bizə, yəni, övladlarına və övladlarımıza həsr etdi.

Anam mənimlə balalarıma başqa bir gözlə baxardı. Bu üzdən bizim dərdimizi hamıdan çox çəkər, məhəbbəti ən çox bizə nəsib olardı.

O, dünyasını dəyişdikdən sonra qəlbimdə günbəgün böyüyüb dərinləşməkdə olan qəribə bir boşluq yarandı.

Sanki anama bütün məhəbbətim bu boşluğun dərinliklərində özünə yuva qurub. Onun üçün çox darıxıram. Heyhat! Anam mənim pənahgahım idi.

Hara gedirdimsə, arxamca gəlirdi; Xürrəmşəhrdən Şiraza, ordan Quma, Qumdan Mahşəhrə, daha sonra Tehrana, Abadana…

Xatirələrimi danışmaq istəyərkən xəyal dünyamda hamıdan çox anamı duyuram, məni tərk etdiyini həmişə olduğundan daha çox hiss edirəm. Hərdən düşünürəm, nə yaxşı ki, anam başıma gələn bu bəlaları görmədən dünyasını dəyişdi. Çox sevinirəm ki, heç olmasa düçar olduğum son müsibətləri görmədi, bundan artıq dərdimi çəkmədi.

Bəzən taleyimdən narazılıq edirəm. Amma övladlarıma nəzər salanda sakitləşib, Allahıma təvəkkül edirəm. İnanıram ki, Tanrı Özü mənim həyat hekayəmi belə yazıb və baş vermiş bütün hadisələri anamla mənim həyatıma elə məharətlə həkk edib ki, bu iş Ondan başqa heç bir yazıçının əlindən gəlməzdi.

Anamın uşaqlıq dövrü indiyədək eşitdiyim ən qəmli sərgüzəştdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button