
Şiəlik, başqa sözlə şiə adlı ideoloqi və əqidəti bir məktəbin yaranma tarixi həm keçmişdə, həm də müasir dövrdə tədqiqatçı alimlərin diqqət mərkəzində olan məsələlərdəndir. Onlardan hər biri bu məsələ barəsində müəyyən cəhətdən araşdırmalar aparmış və müxtəlif mühakimələr yürütmüşlər. Bəlkə də elm tarixində çox az məsələ tapmaq olar ki, ona bu şəkildə qərəzçilik mövqeyindən yanaşılsın, son dərəcə əsassız fikirlər və mülahizələr söylənilməklə tədqiqatçılıq üslubuna xəyanət edilsin.
Şiə ideologiyası heç də tarixi məlum olmayan, unudulmuş bir məktəb deyildir ki, onun yaranması haqda bu qədər fikir ayrılığı və ixtilaf mövcud olsun. Şiələr özləri də məchul və naməlum bir millət deyildir ki, başqaları oturub onun üçün tarix yazsın, kökünü Əbdüllah ibni Səba kimi əfsanəvi bir şəxslə və ya Əli (əleyhissalam)-a qarşı məhəbbətdə ifrata varanlarla əlaqələndirsinlər və yaxud onu Misirdə Fatimilərin, İranda şiə məktəbini yayan Səfəvilərin hökumətindən yaranan bir şey bilsinlər.
Şiəlik tarixini şiələrin özləri başqalarından daha yaxşı bilməlidirlər. Bu ideologiyanın tarixi və etiqadi üsulları ilə tanış olmaq üçün şiəliyin rəsmi və mötəbər kitablarına baxmaq, bundan sonra mühakimə yürütmək lazımdır. Qərəzçi şərqşünaslara, yaxud məlumatsız yazıçıların əsərlərinə müraciət etməkdən uzaq olmaq lazımdır.
