ŞİƏ MƏZHƏBİNDƏ TÖVHİD

Müəllifin müqəddiməsi
İnsan Tövhid məsələlərini daha dərindən bildikcə dünyagörüşünü
genişləndirəcək, fikir və maarif müstəvisində dini səviyyəsi bir o qədər
yüksələcək və həqiqi dini əqidəyə sahib olacaqdır. Məhz bu səbədən bu
kitab qələmə alınmışdır. Bu kitab Əhli-Beyt (ə) məzhəbinin ardıcıllarının
dinin birinci əqidə prinsipi olan tövhid əqidəsini bəyan etmək məqsədini
daşıyır.
Bu tədqiqatda tövhid əqidəsilə əlaqəsi olan ideoloji məlumatları geniş
surətdə, yarımbaşlıqlar formasında və izahlı bölgülərlə bəyan etməyə
çalışdım. Məqsəd oxucunun qaydalar əsasında elmi prinsiplərə əsaslanan
tövhid əqidəsinə sahib olmasıdır.
Bu müqəddimədə işarə etmək istədiyim əhəmiyyətli məsələlərdən biri də budur ki, tövhid əqidəsinə aid olan həqiqətləri dərk etməyə olan ehtiyac hissi, insanı bu həqiqətlər barədə araşdırma aparmağa təşviq edir. Amma bilgisini artırmaq istəməyən, xüsusilə də, sahib olduğu əqidə mirası ilə kifayətlənən insan bu həqiqətləri araşdırmağa ehtiyac hissi duymur. Bu həqiqətlərə qarşı təşviq və cazibə hiss etmir. Qeyd etmək istədiyim digər bir məsələ isə budur ki, bu kitab oxucuya tövhidlə bağlı həqiqətlərdən xəbərdar olmaq və onları dərk etmək imkanı verir. Bilgi bəsirət əldə etmək üçün tam səbəb deyil, səbəbin müəyyən
hissəsidir. Həmin səbəbin digər hissəsi isə qəlbdəki maneələri aradan aparmaqdır.
Bu maneələrin ən bariz nümunəsi zahiri və batini günahların qəlbdə yaratdığı azğınlıq, mənəvi çirkinlik kimi ifadə olunan mənfi təsirlərdir. Qəlblə elm arasında olan maneələrin təsir dərəcəsindən asılı olaraq
insan elmin nurundan istifadə edə bilmir. Buna əsasən də elə insanlara rast gəlirik ki, Allahın varlığı və sifətləri barəsində elmə sahib olsa da, əməl cəhətindən onlarla Allah-taalanın varlığını inkar edənlər arasında heç bir fərq yoxdur. Hətta elə insanlara rast gəlirik ki, elm nurundan bir şölə əldə edərək başqalarının yolunu işıqlandırırlar, lakin özləri heç vaxt bu nurdan faydalanmırlar. Çünki qəlbləri həvayi-nəfsin hicablarının əsarətində qalması və mənəvi çirkinliklərə bulaşması nəticəsində züləmətə qərq olmuşdur. Bu çirkinlikləri və hicabları aradan qaldırmağın yolu əməli yolla nəfsi islah etmək və həyatın şirinikləndirici amilləri qarşısında onun cilovunu əldə saxlamaqdır. Ümumiyyətlə, elm özlüyündə məqsəd deyil. Elm yalnız insanın həqiqi kamilliyinə çatması üçün bir vasitədir. Bu cür müsbət təsir yaratmayan elm insanın bu dünyada əzbərlədiyi məfhumlardan başqa bir şey deyil. Axirətdə isə bu elm onun üçün bəla və
əleyhinə olacaq dəlilə çevriləcək. Əslində həqiqi hədəf bəsirət səviyyəsinə çatmaq, Allah-taalaya mütləq
iman çeşməsindən sirab olmaq, təqva dolu bir həyat yaşamaqla ömrü başa vurmaqdır.

Əla Həssun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button