VƏ BİR TƏBƏSSÜM

Birinci fəsil

Ənzəli-Rəşt marşrutu üzrə işləyən taksidə oturmuşam. Köhnə bir Pride avtomobilidir. Sağdakı sərnişin rahat oturub, mənsə atılıb-düşürəm. Hər dəfə tramplindən keçəndə elə bilirəm ki, ayağım asfalt üzərində sürünür.

Günəş göz çıxarsa da, ilk dəfədir 35 km-lik bu yolun uzanmasını arzulayıram. Ancaq deyəsən, sürücü ayağını qazdan götürmək istəmir.

Müğənni Salar Əqilinin səsi maşını başına alıb; hicran gecəsindən, yarın ayrılığından oxuyur. Başqa vaxt olsaydı, bəlkə də dodaqaltı onunla zümzümə edərdim, amma indi sözlər qulağıma çatar-çatmaz yadımdan çıxır. Bütün diqqətim bir saat sonrakı görüşümdədir: Şəhid Babək Nurinin atasıyla ilk görüş.

Bəzən bir işdən ötrü o qədər həyəcanlanıram ki, təşvişə düşürəm və bu təşviş məni işimə gecikməyə məcbur edir. Ya da arzulayıram ki, zaman yavaşısın və mən sakitləşim. İndi eynilə bu vəziyyətdəyəm.

Sakitləşmək üçün hey diqqətimi ora-bura yönəldirəm; baxışlarımı yoldakı maşınların altına sərirəm, yolun kənarındakı zoğal arabalarının üstünə çıxarıram, yoldan keçmək istəyən insanların ayaqlarının altına atıram, “Rəşt şəhərinə xoş gəlmişsiniz” yazılmış lövhənin başına çıxarıb-düşürürəm… Bu isə o deməkdir ki, hərəm müdafiəçisi olan Şəhid Babək Nurinin şəhərinə çatmışam.

Bütün göy üzü mavi rəngdədir. Ağ buludlardan əsər-əlamət yoxdur. Sentyabrda hələ də avqustun istisi var. Sözlərimi bir də təkrarlayıram: salamlaşmaqdan sağollaşmağa qədər. Sanki günü bu gün meşədən çıxmışam və uzun illərdir heç kimlə ünsiyyətdə olmuram. Ünsiyyət qurmaq mənə bu qədər çətindir, sözlər beynimdən qaçaq düşüb.

Sürücü deyir: “Fərzanə meydanında düşəcəksiniz, xanım?”

Maşından enirəm. Qələbəlikdə, telefonuma göndərilən ünvana baxıram. Uzaq deyil. Yanımdan keçən qoca kişidən soruşuram ki, İmam Hüseyn (ə) meydanına piyada getmək olar? Titrək əlini qulağına yaxınlaşdırır.

– Oh, qızım, bilirsən nə qədər yoldur!


Qoca düz dayanmağa çalışsa da, çiyinləri sözünə baxmır. Əsən əlləri ilə havada plan çəkir. Axırda başını bərk qaşıyıb deyir: “Maşın görsən, bala, min, piyada getmə”. Meydanın o tərəfinə keçib maşına minməliyəm. Bu zaman bir taksi önümdə əyləcə basır, sürücü deyir: “İmam Hüseyn?” Bu gün hamı əl-ələ verib ki, görüş yerinə tez çatım. Artıq küçənin o tərəfinə keçmək üçün bir neçə dəqiqə qazanmaq imkanım da əlimdən çıxdı. Dodaqaltı yalvarıb Allahdan kömək istəyirəm. Ağa Mürtəza Sərhəngi şəhidin atası barədə danışanda onun tələbkar olduğunu bilmişdim. Çoxları oğlunun həyatını yazmağı təklif etmiş, o isə razılaşmamışdı. Babəkdən yazacaq qələmin kimin əlində olması onun üçün bu qədər əhəmiyyətli idi. Əllərimə – bir-bir bütün barmaqlarıma baxıram. Gözləyirəm ki, bir nəfər başını əyib desin ki, bacararlar. Ağlımla qəlbim arasında döyüş gedir. Bilmirəm bu işin öhdəsindən gələcəyəm, yoxsa yox. Avtobus dayanacağında oturub insanlara baxmaq istəyirəm. İstəyirəm onların pıçapıçları arasında, soğan və ət qiyməti barədə söhbətlər içində itim ki, məni təşvişə salan bu həyəcan da bitsin. Lakin mümkün deyil; görüş vaxtımıza üç dəqiqə qalıb. Şirkətin qapısının önündə dayanır, mobil telefonumu söndürüb içəri girirəm. Keşikçidən ağa Nurinin otağının yerini soruşuram. Deyir: “Balaca Nuri, yoxsa böyük?” Gözlərimi balaca şüşə otağa fırladıram, divara söykənib gözlərini qarşıya dikmiş Babək Nuriyə baxıb, “Bilmirəm. Oğlu şəhid olan” – deyirəm və işarə barmağım şüşəyə yapışmış şəklə tuşlanır. Deyir: “Hə, böyüyü deyirsiz”. İdarənin həyətini doldurmuş avtobusların və sarı taksilərin arasından keçib sol tərəfdəki ikinci kiçik qapıya və pilləkənlərə yaxınlaşıram, yuxarı qalxıb özümü ofisin katibi olan gənc oğlana təqdim edirəm. Deyir: “Hacının qonağı var. Buyurun, əyləşin, ona xəbər verim”.

Rəisin otağının qarşısında otururam. Şalımın ucu əlimdə bürmələnib qırışmış, nəmlənib. Döşəmənin plitələrini sayıb, yandakı stulda əyləşmiş xanımın tez-tez barmaqlarıyla toxunduğu klaviaturasının səsini dinləyirəm. Artıq bilirəm ki, oturduğum yerdən rəisin otağına qədər on iki plitəlik yol var, katibin stoluna qədər isə otuz üç.

Bir səs gəlir: “Buyurun, xanım Rəhbər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button