ÖN SÖZ
İslamda müxtəlif fikir cərəyanları və məzhəblər çox erkən dövrlərdə təşəkkül tapmağa başlamışdır. Bu hal təbii sayılmalıdır. Allahın dini müxtəlif qövmiyyətlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub olan, fərqli coğrafi mühitlərdə yaşayan, nəhayət, heç də həmişə üst-üstə düşməyən sosial-iqtisadi maraqlara malik olan insanlar arasında yayıldıqca bu dinin əsas prinsipləri hamı tərəfindən eyni cür qəbul edildiyi, qavranıldığı halda onun bəzi ikinci dərəcəli ehkamlarına münasibətdə fikir ayrılığı yaranmalı idi. İslam Peyğəmbərinin (s) “Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir”–deyə İslamda fikir ixtilaflarının meydana çıxacağı barədə qabaqcadan söylədiyi sözlər bir tərəfdən müsəlmanlara xəbərdarlıq məqsədi güdsə də, digər tərəfdən bu ümmətin qarşılaşacağı reallıqdan xəbər verirdi. Bütün dünya dinlərində belə fikir və əqidə ixtilafları olmuşdur və yəqin ki, həmişə olacqdır. Bəlkə də İslam məzhəbçilik ixtilaflarını möminlər arasında bir o qədərdə ciddi qarşıdurma yaratmaması baxımından başqa dinlərdən fərqlənir yəni İslamda əqidə ixtilafları, xüsusilə Allahın birliyi, peyğəmbərlik, axirət həyatı kimi başlıca prinsiplər sahəsində rəy müxtəlifliyi, başqa dinlərdə olduğu qədər sərt xarakter daşımamışdır. Məhz elə buna görə də mövcud ixtilaflar öyrənilməli, təhlil edilməli,
ixtilafa səbəb olan məsələrin həllində güzəştli yollar araşdırmalıdır. Artıq İslamın ikinci əsrindən etibarən müsəlman alimləri bu dinin daxilində yaranan fikir cərəyanlarını və məzhəbləri öyrənməyə başlamışlar və yəqin ki, bu sahədə atılan ilk addımlardan biri mötəzili məzhəbinin banilərindən olan Vasil bin Ətanın (vəfatı–13/748) “Təbəqat əhl əl-ilm və-l-həqq” kitabında o dövrdə müsəlmanlar arasındakı fikir cərəyanlarını və müsəlmanların bölündükləri təbəqələri–kateqoriyaları müəyyən etmək cəhdi sayılmalıdır.
Sonralar məşhur ərəb mütəfəkkirləri əl-Cahiz (vəfatı–255/869) və əl-Kəbi (vəfatı–319/931) də
İslam məzhəblərin mötəziliyyə mövqelərindən şərh etməyə çalışmışlar. Məşhur şiə ilahiyyatçısı, tarixçi və nəzəriyyəçi Hişam bin Həkəm (vəfatı–199/814) imami şiələrin İslamda məzhəb ixtilaflarına münasibətlərini öyrənmiş, öz əsərlərində İslam məzhəbçiliyinin tarixini izləməyə çalışmış, şiə əqidələrin qarşı yönəlmiş təlimlərlə ciddi polemikaya girmişdir. Onun yolunu Həsən bin Musa ən-Nəubəxti (vəfatı–300/912) və Səd bin Əbdullah Qummi (vəfatı–301/913) davam etdirmişlər.
