ÖN SÖZ
İslamda müxtəlif fikir cərəyanları və məzhəblər çox erkən dövrlərdə təşəkkül tapmağa başlamışdır. Bu hal təbii sayılmalıdır. Allahın dini müxtəlif qövmiyyətlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub olan, fərqli coğrafi mühitlərdə yaşayan, nəhayət, heç də həmişə üst-üstə düşməyən sosial-iqtisadi maraqlara malik olan insanlar arasında yayıldıqca bu dinin əsas prinsipləri hamı tərəfindən eyni cür qəbul edildiyi, qavranıldığı halda onun bəzi ikinci dərəcəli ehkamlarına münasibətdə fikir ayrılığı yaranmalı idi. İslam Peyğəmbərinin (s) “Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir”–deyə İslamda fikir ixtilaflarının meydana çıxacağı barədə qabaqcadan söylədiyi sözlər bir tərəfdən müsəlmanlara xəbərdarlıq məqsədi güdsə də, digər tərəfdən bu ümmətin qarşılaşacağı reallıqdan xəbər verirdi. Bütün dünya dinlərində belə fikir və əqidə ixtilafları olmuşdur və yəqin ki, həmişə olacqdır. Bəlkə də İslam məzhəbçilik ixtilaflarını möminlər arasında bir o qədərdə ciddi qarşıdurma yaratmaması baxımından başqa dinlərdən fərqlənir yəni İslamda əqidə ixtilafları, xüsusilə Allahın birliyi, peyğəmbərlik, axirət həyatı kimi başlıca prinsiplər sahəsində rəy müxtəlifliyi, başqa dinlərdə olduğu qədər sərt xarakter daşımamışdır. Məhz elə buna görə də mövcud ixtilaflar öyrənilməli, təhlil edilməli, ixtilafa səbəb olan məsələrin həllində güzəştli yollar araşdırmalıdır.
