İslam dininin əsil və mütərəqqi təlimləri qəti əqli və nəqli bürhanlara, dəlillərə istinad edir. Şəfaət, qəbirləri ziyarət etmək, torpağa səcdə etmək, ilahi övliyalara təvəssül etmək və s. kimi əməllərin şəriən caiz (icazə verilən) bir iş olması Quran ayələri, Peyğəmbər (s) və Məsum imamların (s) rəvayətləri əsasındadır və bu kimi əməllərin şəriən caiz olmasında heç bir şəkk-şübhə
yoxdur. İnsaflı və hər növ təəssübdən uzaq olan insan bu məsələlər barəsində dərindən düşünüb hərtərəfli tədqiqat aparsa, onların haqq olduğunu dərk edəcəkdir. Hətta bu kimi təlimlər və həqiqətlər sünnülərin mötəbər hədis mənbələrində də vardır və sünnü qardaşlarımız da onlara
inanır və əməl edirlər. Amma bu zəmində az bir qrup – vəhhabilər bəzən
həqiqətləri təhrif edib tərsinə cilvələndirmk, bəzən zəif rəvayətlərə istinad etmək, bəzən isə ayə və rəvayətlərin həqiqət və mənasında təfəkkür etmədən zahiri mənasına istinad etməklə, şəkk-şübhə yardırlar. Qarşınızdakı kitab – «Vəhhabiyyət iki yol ayrıcında» kitabı görkəmli alim və tədqiqatçı şəxsiyyət olan Ayətullah Məkarim Şirazinin dəyərli əsərlərindən biridir. Müəllif bu əsərdə səy etmişdir ki, haqq-həqiqət aşkar olsun deyə, gözəl bəyanı və səlis qələmi ilə bu firqənin icad etdiyi şübhələrə cavab versin.
Ümümdünya İslam Elmləri Akademiyasının tələbələrindən olan Məsum Əlizadə bu əsəri Azərbaycan
dilinə tərcümə etmişdir. Ona və bu əsrin işıq üzü görməsində əllərindən gələn köməyi əsirgəmiyən bütün
şəxslərə dərin minnətdarlığımızı bildiririk.