Bismillahir-Rəhmanir-Rəhim.
Elm və din
Əvvəla, bu böyük işi dərk edib düzgün qiymətləndirən və öhdəsinə götürən möhtərəm cənablara və əziz din alimlərinə xoşgəldin deyirəm. Ümidvaram ki, Allah sizə böyük mükafat versin, Öz vədinə və böyüklüyünə uyğun olaraq bu yolda öncəkindən daha artıq və daha yaxşı dəstəkləsin və siz işlərinizin bəhrəsini görəsiniz. Mən xüsusən cənab Cənnətiyə, cənab Sədrə və bu işi üzərinə götürmüş digər cənablara səmimi təşəkkürümü bildirirəm. Ruhanilərin universitetlərdə təmsil olunması elm və dinin təmsil olunması deməkdir. Universitetlər elm ocağı, dindar insanların orada olması səbəbindən həm də din ocağıdır. Ruhanilik də din elmini güclü, məntiqli, universitetə və universitet mənsublarının səviyyəsinə uyğun şəkildə təqdim edir. Bu, məsələnin elmi tərəfidir. Din təlimləri ən uca elmlərdən, ən güclü zehni və fəlsəfi mövzulardan, bəzi sahələrdə ən mühüm ictimai və həyati məsələlərdən sayıldığından, elmi şəkildə ortaya qoyulmalıdır. Burada zəif əsaslandırmadan və qüsurlu izahdan ciddi
şəkildə çəkinmək lazımdır. Çünki bütün buların əks təsiri olar. Pis müdafiə etmək gözdən salmağın ən mühüm üsullarındandır.
